Xaçmazda Zəfər Günü qeyd olunub

Xaçmazda Zəfər Günü qeyd olunub 8 Noyabr-Zəfər Günü münasibətilə Xaçmaz şəhərində yeni inşa olunan Zəfər Parkı istifadəyə verilib.
Qarabağ
8 Noyabr , 2021 19:25
Xaçmazda Zəfər Günü qeyd olunub

8 Noyabr-Zəfər Günü münasibətilə Xaçmaz şəhərində yeni inşa olunan Zəfər Parkı istifadəyə verilib.

"Report"un Şimal bürosuxəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən oğullarını yad ediblər.

Daha sonra Xaçmaz şəhərinin Heydər Əliyev prospektində inşası başa çatan Zəfər Parkının açılış mərasimi olub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə birlikdə parkda ucaldılan və Qələbəni özündə təcəssüm etdirən Zəfər abidəsinin üzərindəki örtüyü götürüb.

Zəfər Parkının ümumi ərazisi 4 hektardır. İstirahət mərkəzi müasir layihə əsasında tikilib. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana, süni göl, fəvvarə, müxtəlif ictimai iaşə obyektləri yaradılıb. Bundan başqa idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün attraksionlar, eləcə də açıq havada tədbirlərin təşkili məqsədilə səhnə də mövcuddur. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub, yerə tamet döşənib və yaşıllıq zolaqları salınıb.

Açılış mərasiminin iştirakçıları məktəblilərin və gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının rəsmləri nümayiş etdirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Zəfər Günü münasibətilə sakinləri təbrik edərək bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində xaçmazlı igidlər də mərdliklə döyüşərək, torpaqlarımızın azad olunmasında şücaət göstəriblər.

Mərasimdə çıxış edən digər natiqlər də, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsinin daim yaddaşlarda qalacağını söyləyiblər.

Rəsmi hissədən sonra məktəblilər Xaçmazdan olan Vətən müharibəsi şəhidlərinin portretlərini nümayiş etdiriblər.

Tədbirdə vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa edilib.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Xaçmaz rayonunda ekoloji aksiya da təşkil olunub. Rayon sakinləri Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinin kənarına iki minə yaxın ağac tingləri əkiblər.

Son xəbərlər

Orphus sistemi