Vüqar Rəhimzadə: "Nəhayət, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Ermənistanla bağlı həqiqətlər öz əksini tapır"

Vüqar Rəhimzadə: "Nəhayət, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Ermənistanla bağlı həqiqətlər öz əksini tapır" "Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdikdə müxtəlif sualların yaranmasına gətirib çıxaran məqamların şahidi oluruq. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinin yaratdığı reallıqlar dünyanın bu günədək hüquq problemi yaşamasını
Qarabağ
9 Avqust , 2021 20:09
Vüqar Rəhimzadə: Nəhayət, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Ermənistanla bağlı həqiqətlər öz əksini tapır
Vüqar Rəhimzadə

"Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdikdə müxtəlif sualların yaranmasına gətirib çıxaran məqamların şahidi oluruq. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinin yaratdığı reallıqlar dünyanın bu günədək hüquq problemi yaşamasını açıq şəkildə ortaya qoydu. Maraqlısı budur ki, dünya güclərinin diktəsi ilə hərəkət edən beynəlxalq təşkilatların hesabatlarında da, nəhayət, əsaslı şəkildə dəyişikliklər baş verməkdədir. Sual olunur: Əgər İkinci Qarabağ müharibəsi baş verməsəydi, dünya gücləri hələ də ədaləti maraqlarının arxasında əritməkdə davam edəcəkdilərmi? Doğrudur, bu gün də həmin güclərin hadisələrə öz maraqları çərçivəsində münasibət bildirdikləri, istədikləri zaman susmaq, istədikləri zaman isə danışıb ədaləti arxa plana keçirdikləri məqamlar diqqətdən kənarda qalmır. Amma görünən odur ki, Azərbaycanın Vətən müharibəsində tarixi Zəfəri, həmçinin dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı andan bu günədək qlobal problemə qarşı birgə mübarizənin zəruri olduğunu bildirərək, bu gün də “peyvənd millətçiliyi”ndən narahatlığını ifadə etməsi dünya siyasətində nəzərəçarpan dəyişikliklərə yol açıb. Nəhayət, dünya gücləri də dərk edirlər ki, ədaləti uzun müddət maraqlara qurban vermək, onun üstündən xətt çəkmək qeyri-mümkündür. Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının hansı vəziyyətə gətirib çıxardığını dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar gördülər. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, həmçinin pandemiyaya qarşı mübarizədə mesajları ilə bir daha dünyaya çatdırdı ki, haqqın, ədalətin yanındadır, bu mübarizəni sonadək aparmaq imkanlarına malikdir".

Bu fikirləri "Report"a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, daim Ermənistana dəstək verən “Amnesty İnternasional”, “Human Rights Watch”, “Freedom House” kimi hüquq müdafiə təşkilatlarının son iki ildə açıqladıqları hesabatlara diqqət yetirdikdə tamamilə başqa bir mənzərə görünür. Məsələn, “Freedom House” bir qayda olaraq hesabatlarında Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi göstərirdi. Demokratiya və insan hüquqlarının qorunmasına münasibətdə Ermənistanı “azad”, Azərbaycanı isə “qeyri-azad” ölkələr sırasında qeyd edirdi. Azərbaycan bu təşkilatların hesabatlarında daim mətbuat azadlığı boğulan, insan hüquqları kobud şəkildə pozulan ölkə kimi təqdim olunurdu. Adları çəkilən beynəlxalq hüquq müdafiə təşkilatlarının 2019-2021-ci illər hesabatlarında, nəhayət, bu reallıq xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin COVID-19 pandemiyası ilə mübarizə dövrlərində Ermənistanda insan hüquqları qorunmayıb, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində vətəndaşların əsas azadlıqları kobud şəkildə pozulub. Hesabatlarda korrupsiyanın baş alıb getməsi, şəffaflığın olmaması, polis tərəfindən zor tətbiqi və cəzaçəkmə müəssisələrinin vəziyyəti problemli məsələ kimi önə çəkilir. Halbuki, sadalanan bu problemlər Ermənistanda daim yaşanıb. Sadəcə, indi dünya yeni reallıqlar fonunda həqiqətlərə həqiqət gözü ilə baxmaq məcburiyyətindədir.

Demokratik təsisatların inkişafına məsul Avropa Şurası bir qayda olaraq Ermənistanı demokratik cəhətdən zəif, bu dəyərləri kobud şəkildə pozan ölkə kimi dəyərləndirib hər dəfə onun təmsilçilik hüququnun əlindən alınacağı ilə bağlı fikirlər səsləndirsə də, qurumda ermənilərin və ermənipərəst dairələrin səyləri nəticəsində işğalçı dövlət bu günədək bu nüfuzlu beynəlxalq təşkilatda təmsil olunmaqdadır.

Baş redaktor qeyd edib ki, hələ işğalçı dövlətlə işğala məruz qalan dövlət eyni vaxtda Avropa Şurasına qəbul olunan zaman özünü sivil adlandıran dünyanın demokratik dəyərlərə hansı prizmadan yanaşdığı bəlli idi. “Freedom House”un 2021-ci il üçün “Dünya Azadlıq hesabatı”nda Ermənistanın “qismən azad” ölkə kimi təqdim edilməsi bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Eyni fikirləri “Amnesty İnternasional”, “Human Rights Watch” kimi təşkilatların hesabatları barədə də söyləmək olar. “Amnesty İnternasional” təşkilatı hələ İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Ermənistana dəstək missiyasını həqiqətlərin təqdimatı ilə əvəzlədi. Belə ki, bu təşkilat Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq çərçivəsində qadağan edilmiş raketlərdən istifadəsini təsdiqləyən hesabatla çıxış etdi.

ABŞ Dövlət Departamentinin qiymətləndirməsinin də diqqətçəkən olduğunu vurğulayan V.Rəhimzadə bildirib: “Dövlət Departamenti hesabatında bildirir ki, Ermənistanda insan hüquqları sahəsində problemlərə işgəncə, azadlıqdan səbəbsiz məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, mülki əhaliyə zərər vermək kimi məqamlar daxildir. Halbuki, ABŞ Dövlət Departamentinin hesabatlarında da Azərbaycan hər zaman demokratik inkişaf baxımından zəif ölkə kimi təqdim edilirdi. Qərb və erməni mənbələrindən maliyyələşdirilərək, təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasının davamlı xarakter daşıması da, adları çəkilən və çəkilməyən beynəlxalq təşkilatların bilərəkdən ölkəmizdə yaratdıqları “5-ci kolon”un formalaşdırılması da onların Azərbaycanda sürətli, davamlı inkişafa qara eynək arxasından baxmaq niyyətlərindən irəli gəlirdi. Nəhayət, gec də olsa, bəzi dairələrin “azad ölkə” adlandırdıqları işğalçı Ermənistanda intensivləşən vətəndaş itaətsizliyini, iqtidarın istefası tələbini görmək istəməyən, mitinq iştirakçılarına qarşı törədilən fiziki, mənəvi təzyiqləri “demokratik prinsiplərə” uyğun hesab edən “Freedom House”, “Amnesty İnternasional”, “Human Rights Watch” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının, ABŞ Dövlət Deapartamentinin bu gün dünya ölkələrində insan haqlarının vəziyyəti barədə hesabatlarını hazırlayarkən ədalət meyarına müraciət etmələri təqdirəlayiqdir. Bu, bir daha sübut edir ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, onlarsız hansısa məsələnin həlli mümkünsüzdür. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri, eyni zamanda, COVID-19 pandemiyasına qarşı mübarizədə atdığı addımlarla bu reallıqları dünyaya diktə edir. Artıq dünyada hesabatlar hazırlayan beynəlxalq hüquq müdafiə təşkilatları “araşdırmaları”nda qeyri-ədalətli yanaşmanı, qeyri-bərabərliyi, riyakarlığı, yalanı, böhtanı demokratik prinsiplər kimi təqdim edə bilmirlər”.

Son xəbərlər

Orphus sistemi