"Minalanmış ərazilər mülki əhali üçün böyük təhlükə yaradır".
“Report” xəbər verir ki, bunu Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Günü münasibətilə keçirilən konfransda BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist (Charu Bist) bildirib.
UNDP nümayəndəsi təhlükəli əraziləri təhlükəsiz etməkdə BMT-nin başqa qurumları ilə birgə Azərbaycan hökumətinə dəstək verməyə hazır olduqlarını deyib.
Həmçinin UNDP-nin ANAMA ilə 1999-cu ildən əməkdaşlıq etdiyini, bu əməkdaşlığı ekspert bilikləri, mütəxəssislər üçün təchizat verməklə bundan sonra da davam etməyə hazır olduğu vurğulanıb.
Xatırladaq ki, bu ilin mart ayında Azərbaycan Minalardan Təmizləmə Agentliyi (ANAMA) ilə UNDP arasında Qarabağ münaqişəsi bölgəsini minalardan təmizləməklə bağlı əməkdaşlıq sazişi imzalanıb. Bu məqsədlə UNDP və BMT Mərkəzi Fövqəladə Hallara Cavab Fondu (CERF) tərəfindən 1 milyon ABŞ dolları vəsait ayrılacaq. Həmçinin UNDP nümayəndəliyi lazımi avadanlıq və texniki dəstək verəcək, minatəmizləyən kadrlar hazırlamaqda və dağılmış infrastrukturu bərpa etməkdə kömək edəcək.