Ülvi Quliyev: “Laçının işğaldan azad olunması Azərbaycanın tarixi qələbəsinin növbəti təsdiqidir”

Ülvi Quliyev: “Laçının işğaldan azad olunması Azərbaycanın tarixi qələbəsinin növbəti təsdiqidir” “Dağlıq Qarabağ münaqişəsinin həllinin ən çətin mərhələlərindən biri Laçın rayonunun işğaldan azad olunması idi".
Qarabağ
4 Dekabr , 2020 10:06
Ülvi Quliyev: “Laçının işğaldan azad olunması Azərbaycanın tarixi qələbəsinin növbəti təsdiqidir”
Ülvi Quliyev

“Dağlıq Qarabağ münaqişəsinin həllinin ən çətin mərhələlərindən biri Laçın rayonunun işğaldan azad olunması idi. Çünki Laçının həm ərazisi çox genişdir, həm də çətin relyefdə yerləşir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Laçının bir güllə atılmadan işğaldan azad olunması tarixi hadisə və Azərbaycanın böyük qələbəsidir”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Deputat vurğulayıb ki, 30 ilə yaxın davam edən sülh danışıqları zamanı işğalçı Ermənistan rəhbərliyi Laçınla bağlı problemlər yaradıblar: “Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər, ümumiyyətlə, ermənilər yaşamayan Laçında qanunsuz məskunlaşdırma həyata keçiriblər. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır.

Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.

Biz hər zaman bəyan etmişik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistana gedib-gəlmək üçün Laçın dəhlizindən istifadə edə bilərlər. Sovet dövründə də belə bir yol olub. Amma Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyib.Təbii ki, onların bu istəyi əsassız idi və Laçını öz nəzarətlərində saxlamağa xidmət edirdi. Ermənistanın bu planı boşa çıxdı”.

Ü.Quliyev bildirib ki, Laçın Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi: “Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi. Amma Ermənistan rəhbərliyi bu qətnamələrə məhəl qoymurdu. Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi”.

Ü.Quliyev qeyd edib ki, Laçın Azərbaycanın dilbər güşəsidir: “Düşmən 28 il 6 ay Laçını işğal altında saxlayıb. Orada olan bütün evlər, sosial obyektlər, dövlət qurumlarının inzibati binaları dağıdılıb, yerlə yeksan edilib. Rayonun təbiətinə böyük ziyan vurulub. Ermənilər işğal etdikləri digər rayonlar kimi Laçında da barbarlıq ediblər. Bu da səbəbsiz deyil. Çünki yaxşı bilirlər ki, Laçın onlara məxsus deyil, gec-tez əsl sahibləri gəlib oranı azad edəcək. Laçın artıq azaddır və ora bir daha düşmən ayağı dəyməyəcək”.

Deputat xatırladıb ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərin bərpası üçün böyük layihə hazırlayır, işğaldan azad olunan digər rayonlar kimi, Laçın da yenidən qurulacaq, abadlaşdırılacaq, laçınlılar öz doğma yerlərinə qayıdacaq və orada həyat yenidən qaynayacaq: “Laçının işğaldan azad olunması ölkəmizin iqtisadiyyatına da böyük töhfə verəcək. Çünki bu rayonumuz zəngin təbii ehtiyatlara, resurslara malikdir. Burada kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Həm dövlətin imkanları, həm də rayonun öz resursları səfərbər edilməklə böyük inkişafa nail olunacaq. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür”.

Son xəbərlər

Orphus sistemi