Ukrayna Azərbaycan Konqresi erməni revanşizminə son qoyulmasını tələb edir
- 14 sentyabr, 2022
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Azərbaycan Konqresi Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlarla bağlı Azərbaycana dəstəyini ifadə edib və Ermənistanı təxribatçı dövlət adlandırıb.
"Report"un verdiyi məlumata görə, Konqresin bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət 30 ildir təcavüzkar və təcavüzkarın qurbanı arasında fərq qoymur, və ya bunu etmək istəmir.
“Qonşu ölkənin daxilində Avropa və Amerika erməni diasporalarının təşviq etdiyi revanşist qüvvələrin mifoloji paralel dünyada yaşamağa çalışması təəccüb doğurur”, - bəyanatda deyilir.
Azərbaycanın 30 il ərzində postsovet ölkəsindən davamlı inkişaf edən rəqəmsal iqtisadiyyata malik ölkə olmağadək uzun və çətin bir yol keçdiyini nəzərə çatdıran Ukrayna Azərbaycan Konqresi bir çox dövlət başçılarının təcavüzkar Ermənistan və hücuma məruz qalan Azərbaycan arasında fərq qoymamasından təəssüfləndiyini bildirir.
Bəyanatda təəssüflə qeyd edilir ki, revanşist Ermənistanın günahı ucbatından Azərbaycan xalqı mütəmadi olaraq suverenliyi və ərazi bütövlüyü uğrunda çox böyük itkilərə məruz qalır.
"Amma xalqımız ləyaqət və azadlıq yolundan dönməyəcək! Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan xalqı heç vaxt olmadığı qədər birlik və həmrəylik nümayiş etdirir", - bəyanatda deyilir.
Müraciəti imzalayanlar sərhəddə baş verən son toqquşmalarda həlak olan şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.