Bakı. 19 mart. REPORT.AZ/ "NATO münaqişələrin sülh yolu ilə həllinə çalışan ATƏT kimi beynəlxalq təşkilatlara siyasi dəstək göstərir. NATO-nun məqsədi təhlükəsizliyin, xüsusilə də Alyansa üzv-ölkələrdə təhlükəsizliyin təmin olunmasıdır. Alyans münaqişələrin həlli üzrə sülh danışıqlarına birbaşa cəlb olunmayıb".
"Report" xəbər verir ki, bu barədə NATO-nun Qafqaz üzrə koordinator zabiti Uilyam Lahyu jurnalistlərə açıqlamasında bildirib.
"NATO-nun Nizamnaməsinə əsasən, Alyans təşkilata üzv ölkələrin müdafiəsini təmin edir. Sözsüz ki, NATO bütün dünyada, xüsusilə də bir-biriləri ilə qonşu olan ölkələrdə sabitliyin bərqərar olmasının tərəfdarıdır. Ona görə də biz Azərbaycan da daxil olmaqla, tərəfdaşlarımızla sıx əlaqələr saxlayırıq", - U.Lahyu qeyd edib.
"Yeni münaqişələrin yarandığı halda bilavasitə iştirak tələb olunarsa, bu barədə son qərarı NATO verəcək", - o əlavə edib.