“Torpaqları ekoloji terrora məruz qalan Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciət hüququ var”.
Bu fikri “Report”un Ankara bürosuna açıqlamasında Ankara Vəkillər Kollegiyasının üzvü, türkiyəli hüquqşünas Ferhat Aznevi bildirib.
“Azərbaycan nə 1994-cü ildə qəbul edilən "Bişkek protokolu"nda, nə də 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda Qarabağdakı suverenlik hüququndan vaz keçib. Digər torpaqlarında olduğu kimi, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan torpaqlarında da suveren hüquqa və o torpaqlarda da fəaliyyət hüququna sahibdir”.
Xankəndi-Şuşa yolunda Azərbaycanın qanuni ərazilərində başqa ölkələrin törətdikləri ekoloji terrora son qoyulması tələbi ilə keçirilən aksiyanı şərh edən vəkilin sözlərinə görə, Azərbaycanın öz ərazisi olan Qarabağda ekoloji baxımdan aparacağı monitorinq də qanuni haqqıdır. O, ekologiya mövzusunun bütün sahələrdən, o cümlədən siyasətdən üstün olduğunu vurğulayıb.
F.Aznevi deyib ki, ekologiya bütün bəşəriyyətin maraqlarını əhatə edən bir mövzu olduğu üçün bu məsələyə dünya ictimaiyyəti də laqeyd qalmamalıdır:
“Azərbaycan dövlətinin ekologiyadan məsul olan mütəxəssislərinin ətraf mühitə dəyən zərərləri öyrənmək üçün o ərazilərdə fəaliyyətə başlamasına heç kimin əngəl olma haqqı yoxdur”.
Vəkil onu da qeyd edib ki, Azərbaycan dövləti yalnız ekoloji baxımdan deyil, səhiyyə, enerji, təbii sərvətlər və digər sahələr üzrə də mütəxəssisləri öz qanuni torpaqlarına baxış keçirmək üçün göndərmək haqqına sahibdir:
“10 noyabr üçtərəfli bəyanatının 9 maddəsinin hər birində Azərbaycanın dövlət və qeyri-dövlət sahəsində olan mütəxəssislərinin o ərazilərdə fəaliyyətinə maneə yaradacaq hər hansı bir fikrə rast gəlinmir. Odur ki, Azərbaycan torpaqlarına edilən bu təcavüzə, ekologiya terroruna son qoyulması üçün beynəlxalq hüququn tələblərinə uyğun olaraq silahlı qüvvələrindən də istifadə etmək və bu təcavüzün qarşısını almaq hüququ var”.
Azərbaycanlıların keçirdiyi aksiyanı Ermənistan tərəfi və havadarlarının dünya ictimaiyyətinə yanlış olaraq təqdim etməsinə vəkil belə münasibət bildirib:
“Azərbaycanın Qarabağda yaşayan erməniləri ac saxlamaq, onlara soyqırımı etmək kimi ağ yalanlar çox ucuz bir təbliğatdır. Əslində, 1988-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində yaşayan ermənilər bu ölkənin digər vətəndaşları kimi bütün haqlara sahib idi. Bu gün də Azərbaycan vətəndaşı olaraq o ermənilərin 30 ildən çoxdur Ermənistanın fitvası ilə çəkdikləri sıxıntılardan qurtulmaq imkanları var. Biz indiyədək Azərbaycanın erməniləri blokadada saxlamasını müşahidə etmədik, əksinə, Ermənistanın İran tərəfindən terror qüvvələri və silah göndərilməklə orada yaşayan ermənilərin həyatı üçün də təhlükə yaratmasına şahid olduq”.
Qarabağda təbii sərvətlərin qanunsuz olaraq istismar edilməsi ilə əlaqədar Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək haqqının olduğunu bildirən vəkil Ermənistan və digər dövlətlərin bununla bağlı hüquqi məsuliyyət daşıdığını deyib:
“Sudanda baş verən vətəndaş müharibəsində neft mədənləri digər ölkələr tərəfindən qəsb edildiyinə görə, o ölkələr Beynəlxalq Ədalət Məhkəməsinə verildi. Qarabağda da oxşar vəziyyət yaşandığı üçün Azərbaycanın da Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək hüququ var”.