​Türkiyədə “Qarabağda bir soyqırımı” adlı sərgi açılıb

​Türkiyədə “Qarabağda bir soyqırımı” adlı sərgi açılıb Sərgidə Ermənistanın Azərbaycana təzavüzünü əks etdirən foto və əyani vəsaitlər nümayiş olunur
Qarabağ
25 Fevral , 2015 08:42
​Türkiyədə “Qarabağda bir soyqırımı” adlı sərgi açılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Ötən gün Türkiyə Böyük Millət Məclisi Mustafa Necati Mədəniyyət Evində Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “İşğaldan Öncə və Sonra Qarabağda Üç Nəsil Bir Soyqırımı” adlı sərginin açılışı olub.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, sərginin rəsmi açılış mərasimini həyata keçirən Türkiyə Böyük Millət Məclisinin sədr müavini və Milliyətçi Hərəkət Partiyasının millət vəkili Meral Akşənər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar sərginin xatirə kitabında Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb.

Sərgidə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər sərgilənib, iştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanıb.

Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib.

Tədbirdə TÜRKSAM-ın rəhbəri və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan, millət vəkili Elman Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Xocalı sakinləri Rahilə Quliyeva və Ramiz Qəhrəmanov, Səfirliyin əməkdaşları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Sözügedən sərgi 1 mart tarixinə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi