Tovuz döyüşləri şəhidinin doğum günü qeyd edilib

Tovuz döyüşləri şəhidinin doğum günü qeyd edilib Biləsuvar rayonunda ötən ilin iyul ayında Tovuz döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olan Rəşad Mahmudovun doğum günü qeyd edilib
Qarabağ
2 İyul , 2021 22:22
Tovuz döyüşləri şəhidinin doğum günü qeyd edilib

Biləsuvar rayonunda ötən ilin iyul ayında Tovuz döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olan Rəşad Mahmudovun doğum günü qeyd edilib

“Report”un Muğan bürosu xəbər verir ki, ailə üzvləri və yaxınları bu gün şəhidin məzarını ziyarət edib. Onun qəbri önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Qəhrəman şəhidimizin yaxınları onun haqqında xatirələrini bölüşüb.

Qeyd edək ki, Mahmudov Rəşad 1992-ci ilin bu günü Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra 2007-2010–ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2010-cu ildə Həydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olub.

Rəşad Mahmudov 2014-cü ildə ali hərbi məktəbi bitirərək, leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. Baş leytenant Mahmudov Rəşad Rəşid oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə şəhid olub.

Rəşad Mahmudov həmin gün doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn olunub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəşad Mahmudov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

R.Mahmudov ailədə iki qardaş olublar. 9 il əvvəl onun kiçik qardaşı ehtiyatsızlıqdan aldığı güllə yarasından vəfat edib. Hal-hazırda ailədə yalnız şəhidin anası Sevda Mahmudova sağdır.

Son xəbərlər

Orphus sistemi