Tofiq Abbasov: "Ermənistan sağlam məntiqə köklənməsə, sülh olmayacaq"

Tofiq Abbasov: "Ermənistan sağlam məntiqə köklənməsə, sülh olmayacaq" Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra ötən illər ziddiyətli və gözlənilməz oldu.
Qarabağ
12 May , 2020 18:16
Tofiq Abbasov: Ermənistan sağlam məntiqə köklənməsə, sülh olmayacaq
Tofiq Abbasov

Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından sonra ötən illər ziddiyətli və gözlənilməz oldu.

Bu barədə “Report”a Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 26-cı ildönümünü şərh edən politoloq Tofiq Abbasov bildirib.

“Bir tərəfdən müharibə yoxdur, digər tərəfdən insanlar həlak olur, təcavüzkar tərəf vaxtaşırı təxribatlar törədərək dayanıqlı sülh haqqında əhatəli saziş imzalamağa doğru irəliləmək üçün əlverişli ab-havanın yaranmasına imkan vermir. Ermənistan tərəfi bu dağıdıcı taktikasını həyata keçirərkən onların münaqişə bölgəsində vəziyyətin sabitləşdirilməsini qəti istəmədiklərinə bir daha əmin oluruq. Məsələnin dinc yolla həlli üçün hər hansı şərait yoxdir. Həm Azərbaycan, həm də dünya birliyi bu münaqişənin nə qədər təhlükə daşıdığına şahid olur. İndi lazımi tədbirlər görülməsə, həmin təhlükə daha da şaxələnərək yeni-yeni problemlər üzə çıxara bilər. Ona görə də Azərbaycan diplomatiyası hələlik qarşı tərəfdən nə istədikləri barədə tutarlı izahat gözləyir. Azərbaycan yalnız və sadəcə vahid dövlət çərçivəsində erməni icmasına muxtariyyət verməklə öz ərazi bütövlüyünü bərpa etmək istəyir”, - ekspert qeyd edib.

Vaxtaşırı “Qarabağ bir daha Azərbaycanın tərkibində olmayacaq”, “Qarabağ erməniləri seçimlərini ediblər” tipli bəyanatlar verən rəsmi Yerevanın sülh danışıqlarının irəliləməsini əngəllədiyini qeyd edən politoloq bildirib:

“Biz həmçinin qeyd etməliyik ki, hazırkı bu qeyri-müəyyən vəziyyətin yaranmasına ATƏT-in Minsk qrupu həmsədrləri də məsuliyyət daşıyırlar. Son dərəcə qətiyyətsiz mövqe tutan həmin vasitəçilərin vəziyyəti ayıq başla dəyərləndirərək təcavüzkar tərəfilə qətiyyətli şəkildə danışmaq meylində olmadıqları göz qabağındadır. Halbuki beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi də hər halda hüquqi qüvvəyə malikdir və yerinə yetirilməlidir. Bütün bunlar haqq-ədalətin Azərbaycan tərəfində olduğunu göstərir”.

Ekspertin fikrincə, Ermənistan nə qədər hazırkı status-kvonu qoruyub saxlamağa, daimi hala gətirməyə çalışsa da, belə bir şey qeyri-mümkündür: “Ötən 26 ilin təcrübəsi də göstərir ki, Yerevan sağlam məntiqə köklənməsə, sülh əldə edilməyəcək və gələcəkdə bundan hamıdan çox zərər çəkən elə Ermənistanın özü olacaq”.

Son xəbərlər

Orphus sistemi