"Minalarla çirklənməsinə görə Azərbaycan dünyada ilk on ölkə arasındadır".
Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O, İctimai Birliyinin qarşıya qoyulan məqsədlərindən də danışıb:
"Mina qurbanları ilə söhbət edən zaman və onların yaşadıqları acıları dilə gətirmələrini ürək ağrısı ilə dinləyirəm. Biz Azərbaycanın qarşılaşdığı bu bəla barəsində hər zaman dünya ictimaiyyətini məlumatlandırmaq üçün tədbirlər görürük. Qarşımıza qoyduğumuz əsas məqsəd bu görünməyən düşmənin təhlükələrini və həmin təhlükənin qurbanları barədə əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Apardığımız işlər zamanı Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlarla daha çox çirkləndiyi məlum olub.
Belə ki, beynəlxalq təşkilatın layihəsi çərçivəsində aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan ərazilərinin minalardan çirklənməsinə görə dünyanın ilk 10 ölkəsi sırasındadır. Bu məlumat 2020-ci ilin hesabatına daxildir. Əgər işğaldan azad edilən əraziləri bura daxil etsək Azərbaycan daha yuxarı sıralarda, bəlkə də ilk 5 ölkə siyahısında ola bilər”.