Video əlavə olunub
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən dinc əhalini hədəf almaqda davam edir.
Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Yenikənd kənd sakini Lyuda Oqorodnikin evinə düşüb. Xoşbəxtlikdən həlak olan olmayıb.
"Report"un əməkdaşı ilə söhbət edən zamanı milliyətcə rus olduğunu bildirən L.Oqorodnik Tərtər rayonunda anadan olduğunu qeyd edib:
"Ata və anam da 1970-ci illərdən Azərbaycanda yaşayıb. Mən də burada doğulub boya-başa çatmışam. Neçə illərdir ki, təcavüskar ermənilərin atdığı top mərmiləri evlərimizə düşür. Biz dinc sakinlərin evləri düşmən tərəfindən atılan top mərmiləri nəticəsində dağıdılır. Ermənilər həmişə dinc sakinləri hədəf alır".
L.Oqorodnikin sözlərinə görə, düşmən tərəfindən dinc əhaliyə atılan top mərmilərinə baxmayaraq, kənd sakinləri evlərini tərk etməyib:
"Biz düşməndən heç vaxt qormamışıq, indi də qorxmayacağıq. Hazırda evlərimizdə yaşayırıq".
Sonda L.Oqorodnik torpaqlarımızı işğaldan azad etmək üçün düşmənlə qəhrəmancasına döyüşən əsgərlərimizə uğurlar arzulayıb: "Biz əsgərlərimizə inanırıq. İnanırıq ki, onlar torpaqlarımızı işğaldan azad edəcəklər. Ali Baş Komandanmıza və əsgərlərimizə uğurlar arzulayırıq. Qarabağ Azərbaycandır!"
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində 30.09.2020-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Yenikənd kənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisinin düşməsi nəticəsində həyətdə olan yardımçı tikili dağılıb.