Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.
"Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələrinin rahat şəkildə gecələmələri üçün çadırlar quraşdırılıb.
Eləcə də çadırlar və ərazi işıqlandırılıb. Bununla yanaşı, çadırlar istiliklə təmin edilib.
Eyni zamanda, ərazidə Azərbaycanın Dövlət Bayrağı da ucaldılıb.
Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərdində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməyəcəyi təqdirdə etirazlarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.