Şuşa Şəhəri Dövlət Qoruğunun xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində öz əksini tapıb.
Həmçinin Qoruğun maliyyələşdirilməsi üçün fiziki və hüquqi şəxslərdən dəstək məqsədilə xüsusi fondun yaradılması nəzərdə tutulur. Qoruğa əlavə dəstək məqsədilə vergi və digər məcburi ödənişlərdən mümkün maliyyələşmə üçün zəmin yaradılır.
Qoruqda hüquq-mühafizə və məhkəmə orqanları istisna olmaqla digər orqanların öz xidmətlərini üç inzibati binadan (ASAN, DOST və KOB evləri) və ya yalnız elektron qaydada göstərməsi nəzərdə tutulur.
Layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.