“Şuşanın işğaldan azad olunması üçün üç briqada cəlb olunmuşdu. Bizim hərbi əməliyyatlarımız nəticəsində düşmən geri çəkilməyə məcbur oldu. Onlar sonradan şəhərə üç dəfə hücuma cəhd etsələr də, bunun qarşısını aldıq”.
“Report” xəbər verir ki, bu fikirləri İkinci Qarabağ müharibəsinin qazisi, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti Ərşad Təhməzov Türkiyənin “Haber7” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Şuşada zəfəri qeyd etmək sözlə ifadə olunmayacaq hissdir: “İnanıram ki, biz burada əbədi qalacağıq. Bayrağımız hər zaman Şuşada dalğalanacaq. 30 ildən sonra Şuşada namaz qılmaq hər insana qismət olmur. Biz sevincdən ağlayırdıq, çünki Şuşada inanılmazı bacardıq”.
Azərbaycanlı zabit qeyd edib ki, Şuşa ermənilərə məxsus olsaydı, şəhəri dağıtmazdılar: “Onlar vandallıq törədiblər. Buradakı məscidlər də Şuşanın türk torpağı olduğunu göstərir. Burada 17 məscid olub. Amma onlardan 16-sı dağıdılıb".
Ə.Təhməzov vurğulayıb ki, Xüsusi Təyinatlı Qüvvələr Cıdır düzündəki sərt qayalıqlarla şəhərə üç istiqamətdən daxil olublar: “Əlbəttə, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA) bizə çox kömək edib. Bu texnikalar itkilərimizin az olmasına və kəşfiyyat məlumatlarının əldə edilməsinə yardım göstərib. Bizə 44 günlük Vətən müharibəsi dövründə ən böyük dəstəyi məhz Türkiyə verib. Tanrı türkü qorusun. Biz ömür boyu azadlıq uğrunda mübarizə aparmış, heç bir imperialistə tabe olmamışıq. 2020-ci ildə baş vermiş 44 günlük müharibə həm də dünyaya türkün gücünü göstərib".
Qeyd edək ki, Vətən müharibəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edib. 44 günlük döyüşlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib.