Sumqayıtda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər.
Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunub.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası alındı və onların qanı yerdə qalmadı.
Tədbir iştirakçıları eyni zamanda, Sumqayıtın Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.
Daha sonra Sumqayıt şəhər Cümə məscidində Xocalı qurbanlarının xatirəsi anılıb və namaz qılınıb.