“Spetsnaz” ləqəbli şəhid Telman Nəhmətov - VİDEO

“Spetsnaz” ləqəbli şəhid Telman Nəhmətov - VİDEO Şəhadət zirvəsinə yüksələn qəhrəman oğullarımızdan biri də Silahlı Qüvvələrimizin “Spetsnaz” ləqəbli müddətdən artıq hərbi qulluqçusu olmuş çavuş Telman Nəhmətovdur.
Qarabağ
30 Yanvar , 2021 16:42
“Spetsnaz” ləqəbli şəhid Telman Nəhmətov - VİDEO

Şəhadət zirvəsinə yüksələn qəhrəman oğullarımızdan biri də Silahlı Qüvvələrimizin “Spetsnaz” ləqəbli müddətdən artıq hərbi qulluqçusu olmuş çavuş Telman Nəhmətovdur.

“Report”un Cənub Mərkəzinin əməkdaşları şəhidin ailəsinə baş çəkib.

T.Nəhmətov 1990-cı ildə Astara rayonunun Alaşa kəndində doğulub.

Şəhidin həyatı və döyüş yolu haqqında fərəhlə danışan atası Təyyar Nəhmətovdan öyrəndik ki, Telman hərbi xidmətini hava hücumundan müdafiə qüvvələrində keçib. Xidmətdən sonra müqavilə ilə 3 il milli çevik polis alayında, 3 il də Daxili qoşunlarda qulluq edib. İdmanın müxtəlif növləri ilə məşğul olub, boks üzrə Respublika üçüncüsüdür.

Snayper kursunu müvəffəqiyyətlə başa vurub. Müxtəlif növ hərbi texnikaların, nəqliyyat vasitələrinin idarə olunmasını öyrənib. Gücə-gündüz fiziki hazırlığını artırmaqla məşğul olub. 7 illik qısa, lakin şərəfli xidmət yolu keçsə də, onu tanıyanların, yoldaşlarının xatirəsində xeyirxah, qayğıkeş olduğu qədər də zabitəli bir hərbiçi kimi qalıb.

“Əsl hərbçi idi. Elə bil Allah onu hərbçi yaratmışdı. Əvvəl onlar Suqovuşana, sonra Zəngilana silah apardılar. Oradan Qubadlıya getmişdilər. Qubadlı onda azad olunmuşdu. Onlar Şuşaya gedəcəkdilər. Hadrutda Tuğ kəndində hava hücumundan müdafiə zamanı orda vurmuşdular. Əgər o, başından, ürəyindən yara almasaydı, ona ölüm yox idi. Orda hamı onu “Spetsnaz” kimi tanıyırdı. Bütün əsgər yoldaşları inanmaq istəmirdilər ki, Telmanı vurublar”, - şəhidin atası deyib.

“Əminəm ki, şəhidlərin övladları xoşbəxt yaşayacaqlar. Azərbaycan dövləti daha firəvan dövlət olacaq. Sağ olsun Ali Baş Komandan, sağ olsun bizim Ordumuz, sağ olsun bizim xalqımız. Allah bütün şəhidlərə rəhmət eləsin! Onlar bizim fəxrimizdir”, - T.Nəhmətov əlavə edib.

Şəhidimizin 3 yaşlı oğlu ailənin təsəlli yeridir. Yaşının az olmasına baxmayaraq, o da fotodakı rəsmin atası qədər isti, əlini tuta bilməyəcəyi qədər uzaqda olduğunu hiss edir. Sanki incik düşmüş kimi atasının rəsmlərinə belə baxmır.

Şəhidin həyat yoldaşı Şəfa Nəhmətova son danışıqlarını belə xatırlayır: “Axırıncı gün zəng vurdu. Heç nə danışmadı. Bir dedi ki, uşağa yaxşı bax. İnşallah, bir həftəyə qayıdaram. Gələrəm evə. Son sözü bu oldu. Daha mən uşağa cavab verə bilmirəm ki, atan yoxdur sənin. İş yoldaşları gəlirlər. Gedəndən sonra soruşur ki, ana, atam niyə gəlmədi. Deyirəm-gələr. Daha heç nə deyə bilmirəm. Öz atası kimi baxa bilmərəm ona. Amma çalışaram necə böyüdüb, mən də belə böyüdüm. Güclü olmağa çalışıram. Mən fəxr edirəm yoldaşımla”.

Son xəbərlər

Orphus sistemi