Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşa şəhərinə səfəri sentyabrın 6-da Cıdır düzündə yekunlaşıb.
"Report" xəbər verir ki, Slovakiya nümayəndə heyətinə Cıdır düzü haqqında məlumatlar verilib. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Əlavə olunub ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.
Bildirilib ki, əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” musiqi festivalları da keçirilirdi.
1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduğuna görə bu müqəddəs məkan mədəniyyət və incəsənət əsərlərində yaşadıldı və unudulmadı.
Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edib. Bu Sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olunub.
Qeyd edək ki, bu, Boris Kolların Cıdır düzünə ikinci gəlişidir. Bundan əvvəl isə ötən il iyunun 11-də burada olub.