Şəkidə Aprel döyüşləri şəhidinin xatirəsi anılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin məzarı ziyarət olunub və abidəsinin üzərinə güllər düzülərək ruhuna dualar oxunub.
Azərbaycan Ordusunun baş-leytenantı İskəndərov Elnur İskəndərov oğlu 1989-cu ilin iyunun 1-də Şəki şəhərində anadan olub. 1995-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2006-cı ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirib.
Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub və həmin məktəbi zabit kimi bitirib. 2010-cu ildən isə leytenant kimi ordu sıralarında xidmətə başlayıb.
Xidmət etdiyi illərdə döyüş yoldaşları arasında mərdliyi, qorxmazlığı və hərbi biliyi ilə hörmət qazanan Elnur sayılıb-seçilən zabitlərdən olub. Baş-leytenant 2016-cı il aprel döyüşlərinə qatılıb. Döyüşlərin 3-cü günündə, aprel ayının 3-də Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elnur İskəndərov aprelin 11-də Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qəhrəman zabitimiz özündən sonra vətənə bir oğul övladı, əsgər qoyub gedib. Balaca Elmar atası şəhid olarkən hələ 7 aylıq idi. İndi onun 6 yaşı tamam olub.
Qeyd edək ki, baş-leytenant Elnur İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib, yaşadığı küçəyə və Şəki şəhərinin girişində olan zirvəyə onun adı verilib.