Salyanda Vətən müharibəsi şəhidi anılıb

Salyanda Vətən müharibəsi şəhidi anılıb Salyanda şəhid Ağamoğlan Kərimovun xatirəsi anılıb.
Qarabağ
22 Oktyabr , 2021 17:17
Salyanda Vətən müharibəsi şəhidi anılıb

Salyanda şəhid Ağamoğlan Kərimovun xatirəsi anılıb.

“Report”un Aran bürosu xəbər veri ki, A.Kərimov 2002-ci ildə Salyanın Xocalı kəndində doğulub. O, ilk təhsilini Xocalı kənd ibtidai, orta təhsilini isə Salyan şəhər 4 saylı tam orta məktəbdə alıb. Sentyabrın 27-də Vətən müharibəsinə qatılan A.Kərimovun döyüş yolu Cəbrayıldan başlayaraq Qubadlı və Laçın uğrunda gedən qanlı savaşlara qədər davam edib. O, bu döyüşlər zamanı hərbi hissə qarşısında qoyulan tapşırıqların icra olunmasında qəhrəmanlıq və böyük şücaətlər göstərərək silahdaşları ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Şəhidin atası Yusif Kərimov bildirib ki, o, Ağamoğlanın döyüşlərə qatılmasından xəbərsiz olub: “Axırıncı dəfə oktyabrın 14-də telefon danışığımız olub. Onda həmişəki kimi dedi ki, arxa cəbhədəyik, bizimkilər çox qabağa gedib, torpaqlarımızı ala-ala gediblər qabağa, şəkillər çəkdirmişəm, gələndə göstərəcəyəm. Əslində, döyüşdə iştirak edən bütün əsgərlər kimi Ağamoğlan da mənə yalandan arxa cəbhədə olduğunu deyirmiş ki, mən narahat olmayım. Sən demə, ən qanlı və ağır döyüşlərdə iştirak edib".

Y.Kərimov əlavə edib ki, Ağamoğlan sonuncu dəfə Qubadlının Həkəri çayı yaxınlığındakı yüksəklik uğrunda gedən döyüşlərdə iştirak edib. Ağır döyüşlərdən sonra kiçik bir qüvvə ilə erməni silahlı birləşmələrinin yerləşdiyi mövqeləri ələ keçirərək həmin yüksəkliyə yerləşiblər: "Onlara orada vəziyyəti ələ alandan sonra erməni silahlı terrorçularının bir neçə ani basqınlarını dəf edərək əks-hücum həmlələri ilə düşməni itki verərək geri çəkilməyə məcbur ediblər. Sonradan ermənilərin daha böyük qüvvə ilə - Ağamoğlangildən 3-4 dəfə artıq diversant qrupu onlara basqın ediblər və həmin yüksəkliyi ağır artilleriya qurğularından mərmi yağmuruna qərq ediblər. Ağamoğlan həmin mərmi atəşi zamanı çoxsaylı qəlpə yarası alaraq şəhadətə qovuşub".

Anası Xəzinə Kərimova deyir ki, oğlunun şəhid olmasını hələ də qəbul edə bilməyib: "Baxmayaraq ki, bu gün oğlumun ölümündən bir il ötür, bu gün ildönümünü qeyd edirik, mən hələ də axtarıram, gözüm uşağımı axtarır. Gözləyirəm, elə bilirəm ümid yeri var, nə vaxtsa gələcək. Onu görəydim, doyunca qucaqlayaydım, bağrıma basaydım".

18 yaşında ikən şəhadətə ucalan Ağamoğlan Kərimov doğulduğu Xocalı kənd qəbiristanlığında dəfn olunub. Şəhadətindən 18 gün əvvəl isə döyüşlərin qızğın vaxtında valideynlərinə məktub yazıb.

Məktubda deyilir:

“Allahın köməkliyinən gedirik, İnşəAllah qələbəynən qayıdacağıq. Mənə görə narahat olmayın. Hər şey yaxşıdır. Özünüzü darıxdırmayın. Vətən uğrunda ölənlərin arasında cənnətdə olacam. Arxamca ağlamayın. Fikirləşin ki, mən əsgərlikdəyəm və bir gün qayıdacam. Haqqınızı halal edin! Özünüzə yaxşı baxın və darıxmayın. Allah köməyiniz olsun. Sağ olun!

Vətən sağ olsun!

Sizin əsgər Kərimov A.

03.10. 2020"

Bu gün Ağamoğlan Kərimovun şəhadətindən bir il keçir. Kənd qəbiristanlığında uyuyan şəhidimizi hər kəs böyük məhəbbətlə anır, xatırlayır.

Sinif rəhbəri Asiya Qəniyeva deyir ki, uşaq ilk dəfə sakitliyi, nizam-intizamı, təlim-tərbiyəsi ilə nəinki mənim gözümdə, hətta bütün müəllimləri tərəfindən sevilən, seçilən uşaqlardan biri olmuşdu.

“Şəhid olana qədər Ağamoğlan mənim şagirdim idisə, bu gün Ağamoğlan mənim qardaşım sayılır. Çünki şəhid qardaşıyam. Ağamoğlan da şəhiddir. Allah ruhunu şad eləsin! Allaha min şükür olsun, qanları yerdə qalmadı. Torpaqlarımız uzun illərdən sonra azad oldu” - müəllimi İbrahim Davudzadə belə deyir.

Qeyd edək ki, Ağamoğlan Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi