Salyanda Vətən müharibəsi şəhidinin xatirəsinə abidə ucaldılıb.
“Report”un Aran bürosunun məlumatına görə, 44 günlük Vətən müharibəsində şəhid olmuş tankçı Bəhruz Hüseynovun doğum günündə Yolüstü kəndində xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Açılış mərasimində şəhidin doğmaları, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Bəhruz Hüseynovun qısa, lakin şərəfli və qəhrəmanlıqla dolu ömür yolundan söz açılıb.
Aprel döyüşlərində fəal iştirak edən Bəhruz Hüseynovun silahdaşları ilə birlikdə Vətən müharibəsində də əsl qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsindən və 26 yaşında ikən şəhadətə yüksələrək ən yeni tarix yazan igidlərimizdən biri olduğu bildirilib. Bütün şəhidlərimizin qəhrəmanlığının gələcək nəsillərə bir örnək olacağı və adlarının xalqımızın qan yaddaşında əbədi qalacağı xüsusi vurğulanıb.
Qeyd edək ki, Bəhruz Yavər oğlu Hüseynov 1994-cü il yanvarın 17-də Salyan rayonunun Birinci Varlı kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Yolüstü kəndinə köçən B.Hüseynov Azərbaycan Texniki Universitetinin məzunu olub.
2016-cı il Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən savaşlarda fəal iştirak edib. Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qatılıb. Bir tankçı kimi Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib.
2020-ci il oktyabrın 19-da Xocavənd rayonunun Düdükçü kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi uğrunda gedən qanlı savaşlarda şəhidlik zirvəsinə ucalıb.
B.Hüseynov ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət etsin!