Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.
Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, Rusiya QXC-nin Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb: “Artıq onlar Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıblar. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları bu gün ölkələrinə yola düşəcəklər”.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi reallığa çevrilib.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 yük avtomobilinin Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.