Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiya Ermənistanı və Azərbaycanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırıb. "Report"un İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç deyib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində helikopter məhv edilib.