Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə başlayan sülh prosesi bizi ruhlandırır.
Bunu "Report"a açıqlamasında Bakıda səfərdə olan Avropa Komissiyasının (AK) Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqaz regionunda baş verən son hadisələri müsbət qiymətləndirir.
AK rəsmisi Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə davam edən prosesə münasibət bildirib: “Mənə məlum olduğu qədəri ilə artıq sərhədin dörd ərazisi üzrə razılaşma var. Bizim strateji məqsədimiz regionda sülhün bərqərar olmasını təmin etməkdir. Azərbaycan və Ermənistanla həm ikitərəfli, həm də regional səviyyədə çox sıx işləmək istəyirik. Beləliklə, gördüyünüz işin həqiqətən çox müsbət olduğunu düşünürük”.
Baş direktor minalardan təmizləmə prosesində Azərbaycan və Ermənistanın qarşılıqlı fəaliyyətini də yüksək qiymətləndirib: “Azərbaycanın Ermənistana bir neçə minatəmizləmə texnikası təklif etdiyini eşitmək həqiqətən xoşdur. İki qadın komandasının minalardan təmizləmə prosesində çiyin-çiyinə işlədiyini eşitmək də gözəldir”.