"Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə əsas prioritetlər idarəetmə və təhlükəsizlik, infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəallığın təmin edilməsi və iqtisadi sahədə həyata keçirilən digər addımlardır".
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərinin Bərpası və İnkişafı şöbəsinin müdir müavini Vüsal Qarayev Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
Azad edilmiş ərazilərin minalardan təmizlənməsinin vacibliyini qeyd edən V.Qarayev Azərbaycanın bu istiqamətdə fəal işlər gördüyünü vurğulayıb.
Onun sözlərinə görə, mina təmizlənməsindən sonra ikinci ən vacib vəzifə sosial obyektlərin, yol və digər infrastruktur obyektlərinin inventarlaşdırılmasıdır.
Azərbaycanın 2030-cu ilədək əsas prioritetlərindən biri azad edilmiş ərazilərin bərpasıdır.
Onun sözlərinə görə, digər prioritet azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyasını təmin edəcək avtomobil və dəmir yollarının bərpasıdır: “Şimal-Cənub”, “Bir kəmər, bir yol” kimi nəqliyyat dəhlizləri azad edilmiş ərazilərin turizm potensialını bərpa etməyə və onların regiona reinteqrasiyasını təmin etməyə imkan verəcək”.
Bundan başqa, SES-lərin tikilməsinin və azad edilmiş ərazilərin enerji infrastrukturunun yaradılmasının vacibliyi vurğulanıb.