Rusiya və Türkiyə arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə yaradılacaq ortaq mərkəzin vəzifə prinsiplərinin texniki detalları ilə bağlı müzakirələr davam edir.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
“Kədərdə və sevincdə bərabər olduğumuz Azərbaycanın haqlı davasında bütün imkanlarımızla yanlarındayıq”-deyə, məlumatda qeyd olunub.
Xatırladaq ki, Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb.
Memorandumu videokonfrans formatında Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu imzalayıblar.
Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli bir addım atıldığını vurğulayan türkiyəli nazir anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib.
Memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib.