Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri - VİDEO

Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri - VİDEO Tarixə Aprel döyüşləri kimi yazılan 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi
Qarabağ
132
15 Aprel , 2021 17:32
Qarabağ zəfərinə gedən yolun Aprel şəhidləri - VİDEO

Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı ilin aprel ayında erməni terrorçuları tərəfindən intensiv artilleriya atəşinə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribatların qarşısını almaq və erməniləri geri oturtmaq üçün əks-hücum həmlələrinə başladı. Tarixə Aprel döyüşləri kimi yazılan 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyiCocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Bununla da Azərbaycan Ordusunun igid, qəhrəman oğulları öz qanı və canı bahasına təkcə cinayətkar erməni rəhbərlərinin keçilməz adlandırdığı səngərləri yox, eyni zamanda bu səngərlər haqqında yaradılan mifi də alt-üst etdilər.

Belə qəhrəman oğullarımızdan biri də şəhid Dəmirli Hüseyn Zeynal oğludur.

O, 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999-2011-ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib.

2011-ci il oktyabrın 6-da Biləsuvar rayonunun Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş Dəmirli Hüseyn 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olub.

Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

Daha bir Aprel şəhidi Novruzov Fəraim Nadir oğludur. O, 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000-2011-ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb.

Əsgər Fəraim Novruzov 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib.

Ölümündən sonra Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

Biləsuvarlı Aprel şəhidlərindən daha biri Məmmədov Murad Vaqif oğlu, 17 aprel 1989-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb.

Xidmətini başa vurduqdan sonra Murad da könüllü olaraq xidmətini Milli Orduda davam etdirib.

3 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid Murad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

16 yanvar 2020-ci ildə Biləsuvar rayonu Heydər Əliyev adına parkda Aprel şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Zəfərə aparan yol” abidə kompleksi ucaldılıb.

Son xəbərlər

Orphus sistemi