“Qarabağ” ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
"Report"un məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Qarabağ” ordeninin statutuna əsasən, döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.
“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.
Ordenin ön tərəfində lentin mərkəzində “QARABAĞ” sözü yazılmışdır. Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur. Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur. Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.