Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) ikinci iclası keçirilib
Qarabağ
22 Aprel , 2021 11:12
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) ikinci iclası keçirilib.

Fonddan "Report"a bildirilib ki, onlayn formatda keçirilən iclasda Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov, MŞ-nin üzvləri — Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycanın Xalq artisti Alim Qasımov iştirak ediblər.

İclasda həmçinin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev də iştirak edib.

Prezident İlham Əliyevin Fondun qarşısında qoyduğu vəzifələri müzakirə edən tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin dirçəlişinə töhfə verə biləcək dayanıqlı bir təşkilatın yaradılmasının zəruriliyini xüsusilə vurğulayıblar.

Fondun aparatının təşkilatı strukturunun və ştat cədvəlinin layihələri, habelə Fondun Fəaliyyət Planı, Əməliyyat büdcəsi və 2021-ci il üçün İnvestisiya Siyasəti Müşahidə Şurasının üzvlərinin diqqətinə çatdırılıb.

Bu sənədlərin əsasını dövlət başçısının fərmanlarından irəli gələn tapşırıqlar, eləcə də qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək dayanıqlı bir təşkilatın yaradılması məqsədilə istifadə edilən müasir korporativ idarəetmə prinsipləri təşkil edib.

Bundan sonra MŞ üzvlərinin səsverməsi keçirilib və təqdim olunan sənədlərin layihələri təsdiq edilib.

Müşahidə Şurasının üzvlərinə həmçinin Qarabağın erməni işğalı nəticəsində dəymiş ziyana dair 10 mindən artıq foto-sübutun yer aldığı "Karabakh Center" portalının layihəsi də təqdim edilib.

Burada dağıdılmış yüzlərlə binanın, Azərbaycan xalqının tarixi, memarlıq, dini, mədəni abidələrinin fotoşəkilləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri ilə bağlı eksklüziv materiallar yerləşdirilib. Portala daim yeni materiallar əlavə olunacaqdır.

Portal Azərbaycan və rus dillərində hazırlanıb, ingilisdilli versiyası üzərində iş isə yaxın zamanda yekunlaşdırılacaqdır. Gələcəkdə bütün materialların bir neçə digər dillərə tərcüməsi və İnternetdə, xüsusilə də sosial şəbəkələrdə fəal şəkildə təbliği planlaşdırılır.

Portal yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

"Karabakh Center" portalı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılıb.

İclas iştirakçıları Prezident İlham Əliyevin Fərmanına əsasən Qarabağ Dirçəliş Fondunun yaradılmasının xüsusi əhəmiyyətini bir daha vurğulayıb və Fondun qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi