Qalib ordunun əsgərləri Ağdamda xidmətlərini qürurla davam etdirirlər

Qalib ordunun əsgərləri Ağdamda xidmətlərini qürurla davam etdirirlər Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə bir qrup jurnalist Ağdama səfər edib.
Qarabağ
20 Noyabr , 2021 11:00
Qalib ordunun əsgərləri Ağdamda xidmətlərini qürurla davam etdirirlər

Ağdamın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə bu rayona mediatur təşkil olunub.

“Report”un Ağdama ezam edilən əməkdaşının məlumatına görə, KİV nümayəndələri səfər çərçivəsində Müdafiə Nazirliyinin azad edilmiş ərazidə dislokasiya olunmuş bölməsinə baş çəkiblər.

Media nümayəndələri bölmədə yaradılan şəraitlə tanış olublar.

“N” saylı hərbi bölmənin tabor komandirinin müavini kapitan Kənan Qurbanzadə “Report”a bildirib ki, bölmə bu ilin iyul ayında yaradılıb.

O qeyd edib ki, bölmədə şəxsi heyət üçün yüksək səviyyədə sosial-məişət şəraiti yaradılıb: “Hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparması üçün hər cür şərait var. Bu da hərbi qulluqçularımıza Vətənin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan verir.

Eyni zamanda bölmə tam istilik sistemi ilə təmin olunub. Buranın relyefi soyuq olsa da, əsgər yataqxanaları istidir. Bölmədə yeməklərin hazırlanması və digər məhsulların qorunub saxlanılması üçün texniki avadanlıqlar quraşdırılıb. Burada 24 saatlıq kamera sistemi yaradılıb, ərazi daima nəzarətdə saxlanılır və mənfur düşmən təxribatının qarşısı alınır”.

K.Qurbanzadənin sözlərinə görə, bölmədə əsgər heyətinin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda, idmanla məşğul olması üçün də idman şəhərciyi salınıb.

Daha sonra KİV nümayəndələri “N” saylı hərbi bölmədə xidmət edən hərbçi qulluqçularla görüşüb. Havanın soyuq olmasına baxmayaraq, qalib Ordunun qalib əsgərləri ərazidə xidmətlərini qürurla davam etdirirlər.

Əsgərlər bildiriblər ki, onların hər biri Ağdamın işğaldan azad olunmasında pay sahibi olduqları üçün qürur duyurlar: “Ali Baş Komandanın da dediyi kimi, biz erməniləri dəmir yumruqla əzdik. Onlar növbəti dəfə ölkəmizə qarşı torpaq iddiasına düşsələr, bu, onlara, təbii ki, baha başa gələcək”.

Sonda isə bölmənin döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyəcan siqnalı verilib.

Qeyd edək ki, bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və Ağdamda bayrağımız ucaldılıb.

Foto-video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi