Qafqazın dumanlı Albionu, ermənilərin azərbaycanlılardan 5 əsr sonra gəldiyi Şuşa

Qafqazın dumanlı Albionu, ermənilərin azərbaycanlılardan 5 əsr sonra gəldiyi Şuşa Qarabağın incisi Şuşa şəhəri 28 illik erməni işğalından azad ediləndən sonra Azərbaycanın mədəniyyət paytaxtı elan olunmaqla yanaşı, hər bir azərbaycanlının mənəvi paytaxtına da çevrilib. Hazırda bərpa və dirçəlmə dövrünü yaşayan qədim Azərbaycan şəhəri 2
Qarabağ
8 Noyabr , 2021 16:13
Qafqazın dumanlı Albionu, ermənilərin azərbaycanlılardan 5 əsr sonra gəldiyi Şuşa

Qarabağın incisi Şuşa şəhəri 28 illik erməni işğalından azad ediləndən sonra Azərbaycanın mədəniyyət paytaxtı elan olunmaqla yanaşı, hər bir azərbaycanlının mənəvi paytaxtına da çevrilib. Hazırda bərpa və dirçəlmə dövrünü yaşayan qədim Azərbaycan şəhəri 270 illiyinin astanasındadır. Şuşanın tarixini daha çox öyrənmək və təbliğ etmək hər bir azərbaycanlının mənəvi borcudur. Şəhərin tarixi ilə tanış olmaq üçün müəllifi K.Nikitin olan və 1873-cü ildə işıq üzü görən “Şuşa şəhəri və Şuşa qəzasının oçerki” («Очерк города Шуши и Шушинского уезда») maraqlı mənbə kimi diqqət çəkir. 148 il bundan öncə nəşr olunan topluda şəhərin yaranma tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarəti, məşhur Qarabağ atları haqqında ətraflı məlumatlar yer alıb.

Oçerk Gürcüstanın Milli Parlament Kitabxanası, həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında da saxlanılır.

“Report”un Gürcüstan bürosu həmin tarixi materialın daha geniş oxucu kütləsi üçün əlçatanlığına kömək etmək məqsədilə ən maraqlı hissələrinin mədəniyyət paytaxtımızın azad edilməsinin ildönümü ərəfəsində Azərbaycan dilinə çevirib.

Şuşa – dumanlı Albion

Oçerkdə Şuşa dumanlı Albion – Böyük Britaniyanın paytaxtı Londona bənzədilib, şəhəri Londona oxşadan xüsusiyyətlər də sadalanıb. Müəllif şəhər haqqında qeydlərinə bu sözlərlə başlayıb:

“120 il bundan öncə Şuşa şəhərinin hazırda yerləşdiyi yerdə insan həyatının heç bir işarəsi olmayıb: əlçatmaz, təcrid olunmuş və əsrarəngiz Qarabağ vadisi üzərində yüksələn, ara-sıra kollar və meşə ilə örtülü daşlı zirvəli dik dağlı yer qartallar üçün rahat məskən və vəhşi heyvanlar üçün yuva olub.

Yuxarı qalxan su buxarlarını saxlaya biləcək meşə ilə örtülü yamacları olmayan Şuşa dağının yüksəkliyi, qayalı və çaylarla suvarılmış və istilik, rütubət və buxar rezervuarı olan dərin dərələr - Şuşanı dumanlı Albiona bənzədən səbəblər məhz bunlardır, əsasən də yazda, şəhəri örtən duman örtüyü şəffaf olanda. Elə bu səbəblər də çox vaxt şərq küləkləri ilə müşayiət edilən davamlı yağışların formalaşmasına şərait yaradır. Şuşada iqlim soyuqdur, burada ilin ən xoş vaxtı – istilərin olmadığı yaydır, bu fəsil əsasən quru keçir, payız isə mülayimdir. Yaz soyuqdur, rütubətli və dumanlı, qışı Qafqaz üçün kifayət qədər sərtdir. Küləklər adidir, şərq və qərbdən əsir, birincisi yaz, payız və qışda əsir, həmişə soyuq və dumanlıdır. Qərb küləkləri isə qurudur, fevral ayında çox isti və güclüdür”.

Qarabağın paytaxtı

Oçerkdə Şuşanın əsasının Pənahəli bəy tərəfindən qoyulmasının tarixçəsi də yer alıb:

“Pənahəli bəy şəhərin əsasını qoydu, onu öz iqamətgahına, bütün Qarabağın paytaxtına çevirdi və Pənahabad adlandırdı. O, bu hadisə ilə əlaqədar üzərində özünün təsviri olan böyük olmayan gümüş sikkə buraxmağı və məscid tikdirməyi əmr edir. Məsciddə indiyədək Şuşa şəhərinin əsasının qoyulması tarixinin Hicri təqviminə əsasən 1167-ci il, yəni 1752-ci ilin olduğu yazı qalıb. Şəhər daha sonra qonşu kənd olan Şuşakəndin adına uyğun olaraq Şuşa adlandırıldı”.

Üç tərəfdən alınmaz təbii qala

K.Nikitinin yazdıqlarına əsasən, Şuşa üç tərəfdən alınmaz təbii qaladır və şəhər mənzərəli təbiətə malikdir.

“Hündürlüyünə görə Şuşa Zaqafqaziya bölgəsinin şəhərləri arasında Aleksandropoldan (indiki Gümrü şəhəri - red.) ikinci yeri tutur... Şəhər mövqeyinə görə üç tərəfdən alınmaz təbii qaladır, yalnız dördüncü şimal-şərq tərəfdən güclü möhkəmləndirilmiş daş divarla örtülüb.

Şuşanın ətrafı mənzərəlidir. Cənub-qərbdən və şimal-qərbdən meşələrlə örtülü yüksək dağlarla əhatələnib”.

Oçerkdə qeyd olunub ki, rəvayətə əsasən, Şuşanın cənub-şərq tərəfində ensiz və dərin dərədə Ağaməhəmməd xana (Ağaməhəmməd şah Qacar – red.) məxsus qızıl, mirvari və digər qiymətli daşlardan ibarət xəzinə basdırılıb.

Şuşanın köklü sakinləri - azərbaycanlılar

Tarixi mənbədən məlum olur ki, azərbaycanlılar və ermənilərin məskunlaşma tarixi arasında 5 əsrlik fərq var:

“Şəhərin əhalisi ermənilər, tatarlar (azərbaycanlılar - red.) və azsaylı ruslardan ibarətdir. Sakinlərin ümumi sayı təxminən 26 min nəfərdir ki, onların 14 mini kişi, 12 mini isə qadındır.

Tatarlar qəza əhalisinin köklü sakinlərini təşkil edirlər. Onlar burada XII əsrdən etibarən məskunlaşıblar, ermənilərin məskunlaşma tarixi isə XVII əsrin sonlarına aiddir.

Qəzanın əhalisi iki millətdən – erməni və tatarlardan ibarətdir. Ermənilərin sayı 55 591, tatarların sayı isə 62 369 nəfərdir.

Həyat obrazına və məşğuliyyətə görə, qəzanın sakinləri oturaq – 87 615 nəfər və köçəridir – 30 345 nəfər. Ermənilərin hamısı oturaq, tatarların isə təxminən 32 mini oturaqdır”.

Təbriz, London, Moskva ilə ticarət

Müəllif Şuşa sakinlərinin əsasən ticarət və sənətlə məşğul olduqlarını yazıb:

“Sakinlər Təbrizlə ticarəti toxuculuq məmulatları, şəkər, çay, ipək və pambıqla aparırlar. Manufaktur məmulatlarla ticarət Avropanın Leyptsiq, London, Marsel və Mançester şəhərləri ilə aparılır. Lakin şuşalıların əsas ticarəti Moskvaya ipək satışı ilə bağlıdır.

Daxili ticarət iri və xırda buynuzlu mal-qara, ipək xammalı, çörək, az miqdarda pambıq, düyü və digər məhsulların satışından ibarətdir”.

İki hissəli Şuşa

Şuşanın aşağı və yuxarı hissəyə bölündüyü qeyd edilən tarixi mənbədə içməyə yararlı suyun olmaması şəhər sakinlərinin əsas narahatlığı kimi göstərilib.

“Şuşa iki hissədən ibarətdir: ermənilərin yaşadığı yuxarı və müsəlmanların yaşadığı aşağı hissə.

Şəhərin əsas narahatlıqları yaxşı suyun olmamasıdır. Bəzi evlərdə quyu olsa da, suyu acı və duzlu, içmək üçün yararsızdır. Yaxşı suyu şəhərə dərələrdə yerləşən mənbələrdən əldə edərək su qablarında çatdırırlar. Qəzada bir çox yerlərdə əlaqə yolları kimi qayalı cığırlar və təhlükəli sıldırım yoxuşlardan istifadə olunur.

Burada əsasən əkinçilik, maldarlıq, qoyunçuluq, ipəkçilik, şərabçılıq, bağçılıq, son zamanlar boyaqçılıq inkişaf edib.

Sənaye inkişafdan geri qalır və kənd təsərrüfatı köhnəlik üzərində qurulduğundan qəza bu səbəbdən çox şey itirir. Lakin torpaq olduqca münbitdir və indi əldə olunandan daha çox məhsul verə bilər. Sənətçilik, ticarət və ümumiyyətlə kommersiya fəaliyyəti ermənilərin əlində cəmləşib”.

Tarixi icmalda Şuşanın əsas küçələri, evləri, meydanları, kilsə, məscid və digər obyektlərin göstərildiyi şəhər planının əlavə olunduğu vurğulansa da, ona rast gəlinmir.

Zərif Qarabağ atları

Oçerkdə Qarabağ atlarının xüsusiyyətləri ayrıca abzasda verilib:

“Buradakı atlar Qarabağ atları adı ilə tanınır. Xüsusən də qızılı rəngdə olanlar məşhurdurlar. Qarabağ at cinsinin saxlanılması üçün 1871-ci ildə Xocalı stansiyası yaxınlığında at zavodu yaradılıb və Yelizavetpol qəzasında olan daha geniş yerə köçürüləcək. Bu atların yeganə çatışmazlığı ondan ibarətdir ki, onlar çox zərifdirlər və buna görə də uzunmüddətli səfərdə sərt qışa tab gətirə bilmirlər. Lakin Qarabağ atlarının rənginin gözəlliyi, formasının incəliyi, cazibəsi və yüngül qaçışı bu çatışmazlıqları örtür. Qəzada atların sayı 30 minə çatır. Şuşada onların sayı 500-ə yaxındır. Ən yaxşı at ilxıları knyaginya Utsmievaya məxsusdur”.

Şuşanın faydalı mineral suları

Tarixi nəşrin son hissəsində Şuşa və Zəngəzur qəzalarının sərhədində Qırxqız dağının ətəyindəki meşədə karbonlu-turş mineral sulardan bəhs edilir:

“Bu faydalı sulardan istifadə etmək üçün hər il yayda bura Şuşa və ətraf vilayətlərdən sakinlər üz tutur. Şuşadan aralıda Xəlfəli dərəsində də bu cür mineral sulara rast gəlinir”.

Təqdim olunan oçerk Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu sübut edən mənbələrdən biridir. Əcdadlarımızdan bizə miras qalmış müqəddəs və qədim Şuşanı rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində yenidən Azərbaycan xalqına bəxş etdilər.

Qurtuluşun mübarək, əziz Şuşa! Həmişə azadlıqda, doğma diyar! Şuşanı Ana Vətənə qovuşduran qəhrəman, mərd, cəsur şəhidlərimizə Allah rəhmət eləsin.

Son xəbərlər

Orphus sistemi