"Əlbəttə ki, Ermənistan ordusu, şəxsi heyət dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir. Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi".
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib.
"Bundan sonrakı dövrdə Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin şanlı Zəfər yürüşü davam etmişdir. Düzdür, bəzi yerlərdə Ermənistan tərəfi dirəniş göstərirdi, müqavimət göstərirdi, bəzi yerlərdə bizə çətinliklər yaradırdı. Amma bu, müharibədir. Özü də otuz il ərzində böyük istehkamlar qurmuş tərəf, - bu dağlara baxın, bunlar hamısı təbii istehkamlardır, - əlbəttə ki, onların özlərini müdafiə etmək üçün imkanları var idi. Ancaq artıq bilirdilər ki, bizim qabağımızda dura bilməzlər. On min fərari artıq hər şeyi göstərir", - dövlət başçısı bildirib.