İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.
*** 13:43
İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.