İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir.
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.
İndi Azərbaycanın özünün bu məsələni həll etdiyini bildirən dövlətimizin başçısı deyib: “Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu”.
Azərbaycan Prezidenti qeyd edib ki, əgər Paşinyan bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. “Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”, - deyə dövlətimizin başçısı bildirib.