Politoloqlar: Serj Sarqsyan hər dəfə öz terrorçu mahiyyətini ortaya qoyur

Politoloqlar: Serj Sarqsyan hər dəfə öz terrorçu mahiyyətini ortaya qoyur Politoloqun sözlərinə görə, ilk növbədə Serj Sarqsyanın yox, Nikol Paşinyanın nə dediyinə, addımlarına fikir verilməlidir
Qarabağ
17 Fevral , 2021 17:57
Politoloqlar: Serj Sarqsyan hər dəfə öz terrorçu mahiyyətini ortaya qoyur

“Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərinə “İsgəndər” raketlərinin atılması ilə bağlı dedikləri onun azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və qanunsuzluqlarla bağlı ilk etirafı deyil. Vaxtı ilə böyük britaniyalı jurnalist Tomas de Vaalın kitabı üçün müsahibə verən zaman o etiraf etmişdi ki, Xocalı soyqırımını məhz o özü və silahdaşları törədiblər. Ona görə də deyə bilərik ki, Sarqsyan hər dəfə imkan daxilində öz terrorçu mahiyyətini ifşa edir”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, bu dəfə həmin proses Ermənistanda cərəyan edən hadisələrin fonunda baş verir: “Zaman ötdükcə bəzi faktlar üzə çıxır. Bu faktlardan birini də Sarqsyan öz müsahibəsində açıqlayıb. Faktlar ondan ibarətdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin əsas hədəfi Azərbaycanın mülki infrastruktur obyektləri və yaşayış məntəqələri olub. Bu onların ənənəsi siyasətinin davamıdır. Vaxtı ilə Xocalıda da əsas hədəf dinc sakinlər idi. Erməni təcavüzünə məruz qalan digər yaşayış məntəqələrində də eyni qəddarlıq törədilib. Onların siyasi hərəkətləri ona hesablanıb ki, azərbaycanlılar regionu ümumiyyətlə tərk etsinlər. Serj Sarqsyanın son müharibədəki fikirlər də bunu növbədə dəfə təsdiqləyib”.

Siyasi icmalçı qeyd edib ki, Ermənistanın sabiq prezidentinin son müsahibəsində, əslində, yeni bir şey yoxdur: “Sadəcə deyə bilərəm ki, Ermənistanın yalan üzərində qurulmuş siyasətini qəbul edən və fakt kimi təqdim edən müxtəlif xarici KİV və siyasətçilər özləri indiki vəziyyətə olduğu kimi baxsınlar və bu açıqlamalardan müəyyən nəticə çıxarsınlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu “Report”a açıqlamasında bildirib ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyan son günlər müxtəlif müsahibələr, açıqlamalar verirlər, baş nazir Nikol Paşinyanı sərt tənqid edirlər: “Guya məğlubiyyətın əsas səbəbkarı məhz Paşinyandır. Halbuki ordu Köçəryan və Sarqsyanın dövründə guya formalaşırdı. Nədənsə Paşinyan təxribatçı açıqlamalar verəndə, Şuşada içkili vəziyyətdə yallı gedəndə və “Qarabağ Ermənistandır!” deyəndə nə Sarqsyan, nə də Köçəryan reaksiya verirdilər, sanki belə də olmalı idi”.

“Ancaq Ermənistan müharibədə məğlub olan kimi onlar Paşinyanın üstünə düşdülər, guya məğlubiyyətə görə birbaşa o, məsuliyyət daşıyır. Guya onlar hakimiyyətdə olsaydı, Azərbaycan müharibəyə başlamayacaqdı və qələbə qazanmayacaqdı. Bunlar yalan və iftiradır. Hakimiyyətdə kim olursa, olsun – Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməyə daim hazır idi. O ki qaldı Sarqsyanın son açıqlamasına, bunlar arxadan atılan daşa bənzəyir. Bu fikirlər bizi maraqlandırmamalıdır. Bu fikirlər sentyabrın 27-dək səslənsəydi, bizdə ciddi rezonans doğurardı. Ancaq noyabrın 10-da elan edilən zəfərdən sonra bu fikirlər bizim üçün önəmli deyil. Düzdür, qarşıda bizi başqa hədəflər də gözləyir. Məsələn, Dağlıq Qarabağdakı separatçıları tam tərk-silah etməliyik”, - ekspert bildirib.

Siyasi şərhçinin fikrincə, sabiq prezident Serj Sarqsyanın Ermənistanda reytinqi yoxdur:

“Nə hakimiyyətdə təmsil olunur, nə müxalifətin siması sayılır. Qarabağ klanı isə nüfuzdan düşüb. Sadəcə Yerevanda çadır qurub orada fikir mübadiləsi aparırlar. Paşinyanın reytinqi aşağı düşsə də, onun hələ də alternativi yoxdur. Alternativi olsaydı, müxalifət erkən parlament seçkilərinə razılaşardı. Onlar seçkidə yenidən məğlubiyyətə uğramaqdan qorxduqlarına görə razılaşmayıblar. Paşinyan parlamentdə çıxışı zamanı nə söyləmişdi? “Əgər siz seçkiyə hazır deyilsinizsə, mən bu seçkiləri dünəndən keçirmək istəmirəm”. Yəni Paşinyan məğlubiyyətdən sonra hakimiyyətini qoruya bildisə, indi onu istefaya göndərmək çox çətin olacaq. Müxalifət meydana heç kəsə çıxara bilməyəcək”.

Serj Sarqsyan
Serj Sarqsyan

Politoloqun sözlərinə görə, ilk növbədə Serj Sarqsyanın yox, Nikol Paşinyanın nə dediyinə, addımlarına fikir verilməlidir:

“Paşinyan və erməni cəmiyyəti isə faktiki olaraq məğlubiyyəti həzm edib. Onlar normal yaşayışa dönmək istəyir, növbəti savaşın onları fəlakətə aparacağını anlayırlar. Ümumiyyətlə, müharibə aparmaq üçün onların artıq gücü də yoxdur. Müharibəyə başlasalar, lap yaxşı. Biz qarşımıza qoyduğumuz digər böyük hədəflərə də rahatlıqla çata bilərik. Amma müharibəyə başlamayacaqlar. Sarqsyanın bu nağılları isə heç nəyi dəyişməyəcək. Qeyd etdiyim kimi, onun Ermənistanda heç reytinqi belə yoxdur”.

Son xəbərlər

Orphus sistemi