"Bütün region xalqları Azərbaycanın ötənilki zəfərinin bəhrələrindən faydalanır".
Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.
“Azərbaycan prezidenti özgə torpaqlarını tutmaq niyyətində deyildi. Rəsmi Bakı hər zaman öz ərazisində suverenliyini bərpa etmək, doğma yurd-yuvasından qovulmuş insanları geri qaytarmaq və regiona sülh gətirmək istəyini ifadə edirdi. Bu mövqe regionun gələcəyi üçün əsas rolunu oynayır”, - o deyib.
Ekspert siyasi qərarların və razılaşmaların nəticələrini üçtərəfli bəyanatın imzalanmasından arxada qalan 1 il ərzində irəliləyən, tədricən inkişaf edən proseslər kimi qiymətləndirib.
“Rusiya münaqişəsonrası həll prosesində vacib vasitəçilik roluna malikdir. Heç bir başqa dövlət rəsmi Bakı və İrəvan arasında dialoqda vasitəçi olmaq, erməni əhali üçün zəmanət rolunu oynamaq, onun regiondakı meyllərinin qabağını almaq, həmçinin azad edilmiş ərazilərin Azərbaycan üçün təhlükəsiz inkişafının təmin edilməsinə zəmanət vermək iqtidarında deyil. Rusiya olmadan Ermənistan tərəfindən separatçı və terrorçu qruplaşmaların qarşısını almaq çətin olardı”, - politoloq diqqətə çatdırıb.