Otuz bir ildən sonra nəşi tapılan Daşaltı şəhidinin qardaşı: "Gözlərimiz yollardan çəkildi"

Otuz bir ildən sonra nəşi tapılan Daşaltı şəhidinin qardaşı: "Gözlərimiz yollardan çəkildi" "Heç olmasa qardaşımın bundan sonra məzarının mövcudluğu bizə böyük təsəlli olacaq".
Qarabağ
24 Avqust , 2023 18:04
Otuz bir ildən sonra nəşi tapılan Daşaltı şəhidinin qardaşı: Gözlərimiz yollardan çəkildi

"Heç olmasa qardaşımın bundan sonra məzarının mövcudluğu bizə böyük təsəlli olacaq".

Bu sözləri "Report"un Şimal bürosuna açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş və 31 ildən sonra nəşinin qalıqları tapılan Adil Kamal oğlu Niftəliyevin qardaşı Tofiq Niftəliyev bildirib.

Həmin dövrdə qardaşının "Dəmir Yolları"nın Biləcəri stansiyasında işlədiyini xatırladan müsahibim deyib ki, A.Niftəliyev həmçinin 20 Yanvar hadisələrinin də canlı şahidi olub.

Onun sözlərinə görə, qardaşı A.Niftəliyev bundan sonra ardıcıl olaraq Azərbaycan xalqının başına gətirilən bu müsibətlərə dözməyərək 1991-ci ildə könüllü olaraq Milli Orduya yazılıb. Beləliklə, təlimlər keçdikdən sonra ön cəbhəyə göndərilib.

Amma könüllü hərbi xidmətdə olduğu vaxt 10 günlük məzuniyyətə gələn Adil ailəsindən halallıq istəyib. Bununla yanaşı məzuniyyətini yarımçıq saxlayaraq növbəti hərbi əməliyyatlarda iştirak etmək üçün cəbhəyə geri qayıdıb.

Sonradan Adildən xəbərsiz qalan Niftəliyevlər ailəsi Dövlət televiziyası vasitəsilə Daşaltı kəndində hərbi əməlliyatın keçirildiyi, amma uğursuz əməliyyat nəticəsində itkilərin olduğu barədə məlumat alıblar:

"Qardaşımın yoxluğu hər zaman bizi ailəlikcə sarsıdıb. Onun taleyindən xəbərsiz olmağımız isə bizi intizarda qoyub. İndiyədək onun haqqında yeni məlumat əldə etmək üçün gözümüz yolda, qulağımız səsdə qalıb. Heç olmasa bundan sonra məzarının olması isə bizə çox böyük təsəlli olacaq. Ölkə rəhbərliyinə təşəkkür edirik ki, mənfur düşmənin tapdağı altında qalan torpağlarımızı azad etdi. Məhz bunun nəticəsidir ki, həm yurd həsrətinə, həm də bizim kimi insanların həsrətinə son qoyuldu".

Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Adil Kamal oğlu birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

2020-ci il noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Niftəliyevə məxsus olduğu təsdiqlənib.

Onun nəşinin qalıqları Xaçmaz rayonunun Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi