“Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədəki revanşist dairələrin çox güclü təzyiqi altındadır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Yuri Osadçenko “Danışaq” podkastında Həmid Həmidova müsahibəsində deyib.
“Ermənistan əhalisinin 60-70 %-i Azərbaycanla sülh sazişinin imzalanmasını qəbul etməyə hazır olacaq. Lakin beynəlxalq erməni diasporu tərəfindən təzyiqlər var. Söhbət əsasən Marsel, Los-Anceles və Beyrutdakı erməni diasporundan gedir”, - o əlavə edib.
O hesab edir ki, Paşinyanın Fransa və ABŞ-a son səfərləri zamanı diaspor baş nazirə güclü təzyiq göstərib ki, Ermənistan heç bir halda sülh müqaviləsi imzalamasın: “Erməni diasporu Paşinyanı hər şeyin yaxşı olacağına əmin edir”.
Y.Osadçenko Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanda döyüşmüş ukraynalılarla bağlı xatirələrini də bölüşüb: “Azərbaycanın Hərbi Hava Qüvvələrində əsasən Ukraynadan olan pilotlar döyüşürdü. Mənim də xidmət etdiyim artilleriyada ilk komandir polkovnik Neçiporenko idi. Onu “Azərbaycan artilleriyasının atası” adlandırırdılar. General Vasyak Aleksandr Petroviç isə 1993-cü ildən 2000-ci illərin əvvəllərinə qədər Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb”.