"İslam Əməkdaşlıq Təşkilatı Beynəlxalq Qırmızı Aypara Komitəsi (ICIC) Azərbaycanın azad olunmuş ərazilərinə qayıdacaq məcburi köçkünlərə yardım etməyə hazırdır".
“Report” xəbər verir ki, bunu ICIC nümayəndəsi Ömər Taşlı Ağdamda jurnalistlərə bildirib.
“Söhbət köçkünlərə məskunlaşmaq üçün verilən maliyyə vəsaitindən gedir. Məsələn, mal-qara, toxum, avadanlıq almaq, tövlə tikdirmək üçün bunlar zəruridir. Bununla da ICIC həmin işlərə öz töhfəsini verə bilər” – deyən qurum təmsilçisi azad olunmuş türk torpağında olmaqdan xoşbəxtlik duyduğunu da dilə gətirib: “Bununla belə, burada törədilənləri görmək çox ağır gəlir. Belə əməllər insanlıqla bir araya sığmır”.
O, müharibənin, işğalın gətirdiyi fəlakəti, qəddarlığı hər kəsə göstərmək üçün azad olunmuş ərazilərə səfərlər təşkil etməyin əhəmiyyətini də qeyd edib.
“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırmaq üçün əhalisi yox idi. Odur ki, bu işğal heç bir məna kəsb etmirdi. Onlar buranı yerlə-yeksan ediblər” – deyən Ö.Taşlı işğalçıların həmin torpaqlarda mədəniyyət izlərini silməyə çalışdıqlarını da qeyd edib.