Oğuzda şəhid bulağının açılışı olub
- 11 oktyabr, 2022
- 11:44
Oğuzda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhid Rasim Ərzuman oğlu Mustafayevin adına inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində şəhidin doğmaları, döyüşçü yoldaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhid R. Mustafayevin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub. Qeyd edək ki,R. Mustafayev 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulub.
O, orta təhsilini 1997-ci ildə Vüqar İbrahimov adına 2 saylı tam orta məktəbdə alıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan R. Mustafayev 2020-ci il Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb.
Oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.