“National Geographic” jurnalı “Instagram”da Xudafərin körpüsünü paylaşıb

“National Geographic” jurnalı “Instagram”da Xudafərin körpüsünü paylaşıb “National Geographic” jurnalı rəsmi “Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunu paylaşıb
Qarabağ
14 Mart , 2021 14:24
“National Geographic” jurnalı “Instagram”da Xudafərin körpüsünü paylaşıb

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin 180 milyonluq oxucu auditoriyası olan məşhur “National Geographic” jurnalı “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb. Fotonun müəllifi tanınmış fotoqraf Rəna Əfəndidir.

"Report" xəbər verir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilib.

Qeyd edilib ki, Cəbrayıl Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış yeddi rayonundan biridir.

Paylaşımda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “National Geographic” bundan əvvəl “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar da paylaşıb. Həmin paylaşımda bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilib. Qeyd edilib ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.

Bundan başqa, “National Geographic” jurnalında Rəna Əfəndinin “Mən evimin hələ öz yerində qalıb-qalmadığını bilmirəm” sərlövhəli fotoreportajı da dərc edilib. Fotoqrafın erməni işğalından azad edilmiş Ağdam, Qubadlı, Füzuli və Kəlbəcər rayonlarına səfəri zamanı hazırlanmış reportajda Birinci Qarabağ müharibəsi dövründə həmin ərazilərdən qovulmuş ailələrin taleyindən bəhs edilib.

Həmin materialda Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının nəticələrini əks etdirən çoxlu fotoşəkil var. Bu fotoşəkillərdə illər boyu torpaqların azad olunmasını gözləyən məcburi köçkünlərin yorğun sifətləri, ermənilər tərəfindən yandırılmış torpaqlar, ermənilər həmin əraziləri tərk edəndən əvvəl qırdıqları elektrik xətləri, Ağdam, Füzuli və azad edilmiş digər rayonlarda kütləvi dağıntılar görünür.

Son xəbərlər

Orphus sistemi