Murovdağda şəhid olan kapitanın xatirəsi anılıb

Qarabağ
  • 13 avqust, 2021
  • 10:10
Murovdağda şəhid olan kapitanın xatirəsi anılıb

Murovdağ zirvəsində şəhid olan kapitan Həmidağa Hüseynzadənin xatirəsi ehtiramla anılıb.

"Report" xəbər verir ki, Müdafiə Nazirliyinin və Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri, o cümlədən Vətən müharibəsi iştirakçıları və qaziləri “Qarabağ” ordenli şəhidimizə bir daha ehtiramlarını bildirmək üçün bu gün İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Şəhidin məzarı önünə çələng və güllər düzülüb, ruhuna dualar oxunub və kapitan H.Hüseynzadənin doğum günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xatirə mərasimi keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin Azərbaycanın şanlı döyüş salnaməsində mühüm əhəmiyyətindən danışıb, şəhidin valideynlərinə Vətənə Həmidağa kimi qəhrəman oğul yetişdirdiklərinə görə minnətdarlıq edib və ailəyə şəhidin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalını təqdim edib.

Millət vəkili Səbinə Xasayeva şəhidlərin xatirəsinin bütün ölkəmizdə olduğu kimi Yasamal rayonunda da əziz tutulduğunu, onların ailə üzvlərinin həmişə diqqətdə saxlanıldığını vurğulayıb.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yasamallı gənclərin bu gün də Silahlı Qüvvələrdə Vətənə sədaqətlə xidmət etdiklərini, hərbi peşələrə böyük həvəs göstərdiklərini fərəh hissi ilə diqqətə çatdırıb.
Şuşaya qədər çətin və şərəfli döyüş yolu keçmiş hərbiçilər adından çıxış edən mayor Cavid Orucov bu gün kapitan Hüseynzadənin Şəhidlər xiyabanında keçirilən ad günü mərasiminə qalib bir ölkənin vətəndaşı, qalib ordunun hərbi qulluqçusu kimi gəldiklərindən qürur hissi keçirdiklərini deyib və qəhrəman zabitlə bağlı xatirələrini bölüşüb.

Şəhidin atası Bağı Hüseynzadə deyib: “Mənim oğlum da haqq savaşımızda şəhid olub. Təsəllimiz odur ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində Qələbə çalmışıq, daha doğrusu, düşməni sındırmışıq, onu rüsvayçı, utancverici məğlubiyyətlə barışmağa məcbur etmişik. Tarixi ədaləti bərpa etmişik, şəhidlərimizin intiqamını döyüş meydanında vuruşaraq almışıq. Lakin deyəsən, bu da onlara dərs olmayıb. İki gün öncə Müdafiə Nazirliyinin mətbuata açıqlamasında oxudum ki, Ermənistan tərəfi yenə də məkrli və hiyləgər niyyətlərindən əl çəkmir. Məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır. Doğrudur, Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri ilə bu kimi halların qarşısı qətiyyətlə alınır. Ancaq ermənilər, onları uçuruma aparan başsız başçıları və havadarları nə qədər gec deyil bu iyrənc oyunlarından əl çəksələr yaxşıdır. Onlar birdəfəlik bilməlidirlər ki, döyüş meydanlarında yenə də təklənəcək, məğlubiyyətə düçar olacaqlar. Bu dəfə onlar rəşadətli Azərbaycan Ordusunun sıralarında həm də bizi, intiqam hissi ilə coşan, qan-qan deyən şəhid atalarını, qardaşlarını, onların yaxınlarını görəcəklər. Unutmasınlar kı, Azərbaycanın Zəfər Bayrağı etibarlı əllərdə, dəmir yumruq isə yerindədir!”

Şəhid zabitin doğum günü münasibətilə keçirilən xatirə tədbiri hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.

Mərasimdən sonra ziyarətçilər üçün ehsan süfrəsi açılıb.

Xatırladaq ki, H.Hüseynzadə 13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Taqım komandiri vəzifəsindən xüsusi təyinatlı taborda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsinə, “kapitan” hərbi rütbəsinədək yüksəlib. Xidmət etdiyi müddət ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, komandanlığın etimadını doğruldub, hərbi kollektivin hörmət və rəğbətini qazanıb. Qeyd edilib ki, kapitan Hüseynzadənin xidmətləri həmişə yüksək qiymətləndirilib və o, “Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Ölümündən sonra isə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümunələri göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.