Murovdağı azad edən "Murov aslanı" ləqəbli xüsusi təyinatlı

Murovdağı azad edən "Murov aslanı" ləqəbli xüsusi təyinatlı Murov aşırımı istiqamətində ermənilərin 7 postunda 100-ə yaxın terrosunu məhv edib.
Qarabağ
18 Dekabr , 2020 11:10
Murovdağı azad edən Murov aslanı ləqəbli xüsusi təyinatlı

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhramanlardan biri kapitan Rəşad Abdullayevdir. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə təltif edilən şəhidimiz Murovdağ yüksəkliyinin azad olunmasında böyük sücaət göstərib. Vətən müharibəsinin başlandığı ilk günlərdə Murovdağ istiqamətində əks hücum əməliyyatlarına rəhbərlik edən Rəşad Abdullayev tabeliyində olan hərbi qulluqçularla birlikdə ermənilərin 100-ə yaxın döyüşçüsünü məhv edərək 7 postu azad edib. Hərbçi yoldaşları ona "Murov aslanı" ləqəbi veriblər.

“Report”un Muğan bürosunun əməkdaşları şəhidin doğulub böyüdüyü Cəlilabadın Göytəpə kəndində evinə baş çəkib, ailəsi ilə həmsöhbət olublar.

Rəşad Abdullayev 1988 –ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2003-cü ildə hərbi liseyə daxil olub. Hərbi lisseyi uğurla bitirindən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olan Rəşad 2012-ci ildə yüksək bacarıq və xüsusi hərbi keyfiyyətlərinə görə xüsusi təyinatlıların sırasına qəbul edilib.

Həyat yoldaşı Gülnar Abdullayeva deyir ki, sonuncu dəfə onunla sentyabrın 25-də danışıblar: "Daha sonra Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 28-də ağır yaralanan Rəşad Abdullayev həmin ayın 30-da şəhid olub".

Rəşad Abdullayevin atası deyir ki, üç bacının tək qardaşı olmasına baxmayaraq hərbiçi olmaqdan bir an belə çəkinməyib: "Rəşadın hərbə marağı babasından keçib. Uşaq vaxtı babasının Böyük Vətən müharibəsindən qalma orden və medallarını sinəsinə taxar qürurla gəzərdi".

Rəşad Türkiyədə və Gürcüstanda hərbi təlimlərdə iştirak edib. Aprel döyüşlərinin iştirakçısı olan şəhid ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi