Milli Qəhrəman Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 31 il ötür

Milli Qəhrəman Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 31 il ötür Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, əfsanəvi tank komandiri Şövqiyar Abdullayevin ildönümüdür.
Qarabağ
29 Avqust , 2023 10:01
Milli Qəhrəman Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 31 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, əfsanəvi tank komandiri Şövqiyar Abdullayevin ildönümüdür.

"Report" xəbər verir ki, Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 31 il ötür.

Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vuraraq Bakıya qayıdıb.

1992-ci ildə Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda gedən döyüşlərdə tank komandiri təyin edilib. Onun tank komandiri kimi döyüşdüyü briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun da iştirak etdiyi tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib.

Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilib. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılıb. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulub. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib.

Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıdıb.1992-ci il 27 avqustda çox ağır döyüşdə o, yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ş.Abdullayev 29 avqust 1992-ci ildə Şəhidlər Xiyabanında dəfn edilib.

Bakının Nəsimi rayonundakı əsas küçələrdən birinə Milli Qəhrəman Şövqiyar Abdullayevin adı verilib.

Son xəbərlər

Orphus sistemi