Bakı. 25 fevral. REPORT.AZ/ Meksikanın tanınmış “ANAHUAC” universitetinin Beynəlxalq münasibətlər fakültəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar konfrans keçirilib. Bu barədə “Report”a Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
“ANAHUAC” Universitetinin professoru Xuan Manuel Ferezin təşkilatçılığı ilə keçirilmiş tədbirdə universitetinin müəllim-tələbə heyəti iştirak edib.
Konfransı giriş sözü ilə açan professor Xuan Manuel Ferez Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətinin tarixi mərhələləri və bu kontekstdə ermənilərin Azərbaycana köç tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təfərrüatları, Xocalı soyqırımı, habelə münaqişəyə dair BMT TŞ-nin məlum qətnamələri və ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən səfir İlqar Muxtarov Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımından geniş bəhs edib.
Sonra Azərbaycanın tarixi torpaqları və sərhədləri, strateji-coğrafi yerləşməsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və dünya demokratiya tarixinə töhfələri, Azərbaycanda sovet hakimiyyəti illəri, xalqımızın öz istiqlaliyyəti uğrunda mübarizəsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı və bu ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhvi, Xocalı soyqırımının təfərrüatları, münaqişənin həlli ilə əlaqədar aparılmış uzun danışıqlar prosesi mövzularında geniş slayd-prezentasiya etdirilib.
Konfrans iştirakçılarına səfirlik tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırım” jurnalı paylanıb.
Konfransın yekununda səfir İ.Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırıb, habelə universitetin kitabxanasına Azərbaycanın tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müxtəlif çap materialları təqdim edib.