Leyla Əliyevanın təşəbbüsü ilə Zəngilanda növbəti ağacəkmə aksiyası keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Zəngilanda növbəti ağacəkmə aksiyası keçirilib Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib
Qarabağ
7 Aprel , 2021 14:58
Leyla Əliyevanın təşəbbüsü ilə Zəngilanda növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakıyla Zəngilan rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

“Report”un Zəngilana ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, əvvəlcə şəhərin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirilib.

Daha sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutub.

Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib. Həmçinin palıd, şərq çinarı və tut ağacının toxumları əraziyə səpilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.
Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə qoşulmağa çağırır.

Son xəbərlər

Orphus sistemi