Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib Kürdəmirdə Vətən müharibəsi şəhidləri Elvin Xeybər oğlu Ömərov və Kamil Altay oğlu Şirinovun ildönümünə həsr olunmuş “Şəhidlərimiz hər an bizim qəlbimizdədir” adlı anım tədbiri keçirilib.
Qarabağ
13 Oktyabr , 2021 15:44
Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Kürdəmirdə Vətən müharibəsi şəhidləri Elvin Xeybər oğlu Ömərov və Kamil Altay oğlu Şirinovun ildönümünə həsr olunmuş “Şəhidlərimiz hər an bizim qəlbimizdədir” adlı anım tədbiri keçirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, mərasimdə çıxış edənlər şəhidlərimizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış döyüş yolu barədə danışıblar.

Şəhid Kamil Altay oğlu Şirinov 1999-cu ildə Kürdəmirin Ərəbqubalı kəndində dünyaya göz açıb. O, 2006-cı ildə doğulduğu kənddə 1-ci sinfə gedib və 2017-ci ildə məktəbi bitirib. Yaşı tamam olduğundan məzun olan kimi həqiqi hərbi xidmətə yollanıb. Uşaq vaxtlarından hərbiyə böyük maraq bəsləyən Kamil xidməti dövründə də nümunəvi əsgər kimi özünü göstərib, manqa komandiri olub. 2019-cu ildə xidmətini başa vuraraq doğma el-obasına üz tutub və bir müddət kənd təsərrüfatı ilə məşğul olub.

2020-ci ilin sentyabrında müharibə başlayanda Kamil də könüllü olaraq orduya yazılıb, sentyabrın 29-u adına çağırış gəldiyində ön cəbhəyə, Vətənin müdafiəsinə yollanıb. Döyüşlərə ilkin olaraq Füzulinin Alxanlı kəndi istiqamətindən başlayıb, böyük şücaətlər göstərib, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətləri olub. Sonuncu dəfə oktyabrın 11-də ailəsi ilə danışan Kamil hər şeyin yaxşı olduğunu deyib. Bir gün sonra Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Oktyabrın 13-ü şəhidimizin nəşi doğulduğu Ərəbqubalı kəndinə gətirilərək torpağa tapşırılıb. Ölümündən sonra Ali Baş Komandan müvafiq sərəncamları ilə “Vətən uğrunda”, ”Döyüşdə fərqlənməyə görə”, ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Elvin Xeybər oğlu Ömərov 1991-ci ildə Kürdəmirin Qarasu kəndində anadan olub. O, 1997-ci ildə Şilyan kənd orta məktəbinin 1-ci sinfinə başlayıb. Orta məktəbi bitirdikdən bir il sonra 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılan E. Ömərov Gəncədə artilleriya topçusu kimi ixtisaslaşıb.

2012-ci ilin may-oktyabr aylarında Cəlilabadda 6 aylıq kurs keçərək, Quru Qoşunlarının motoatıcı tağım komandirinin müavini vəzifəsinə təyin olunub. 2012-ci ilin dekabrında öz istəyi ilə ön xəttə, Ağcabədiyə köçürülüb. 2016-cı ilə aprel döyüşlərində iştirak edən Elvin Fəxri Fərmana layiq görülüb. Bundan başqa, Elvin Milli ordunun yaranmasının 95 və 100 illik yubiley medalları ilə təltif olunub. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayarkən Füzuli istiqmətində döyüşlərə qatılan baş gizir Elvin Ömərov bölüyünün əsgərlərinin təminatının qayğısına qalmaqla yanaşı, tağımın önündə gedərək Hadrut, Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşüb. Oktyabrın 9-da kürəyindən yaralanan Elvin döyüşə davam edir. 10 oktyabrda isə Elvin Ömərov Hadrutda snayperlə vurularaq ürəyindən aldığı ağır yaradan şəhidlik zirvəsinə ucalır. Baş gizir Elvin Ömərov ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi