Kürdəmirdə şəhidlərin ildönümü qeyd olundu

Kürdəmirdə şəhidlərin ildönümü qeyd olundu Kürdəmir rayonunda 2-ci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Məmmədov Fərid Eyvaz oğlunun və Soltanov Oruc Fərhad oğlunun ildönümünə həsr olunmuş “Vətənin igid oğlu” adlı anım tədbiri keçirilib.
Qarabağ
18 Oktyabr , 2021 16:42
Kürdəmirdə şəhidlərin ildönümü qeyd olundu

Kürdəmir rayonunda İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Məmmədov Fərid Eyvaz oğlunun və Soltanov Oruc Fərhad oğlunun ildönümünə həsr olunmuş “Vətənin igid oğlu” adlı anım tədbiri keçirilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhid Məmmədov Fərid Eyvaz oğlunun ildönümünə həsr olunmuş tədbir Kürdəmir rayon ictimaiyyətinin iştirakı ilə rayonun Şıxımlı kəndində, şəhid Soltanov Oruc Fərhad oğlunun anım mərasimi rayonun Sovla kəndində yerləşən qəbiristanlıqda Şəhidlərin məzarı önündə keçirilib. Əvvəlcə şəhidlərin məzarı ziyarət edilib və ehsan süfrəsi təşkil olunub. Şıxımlı və Sovla kənd orta məktəblilərinin şəhid haqqında hazırladıqları bədii kompozisiya dinlənilib.

Qeyd edək ki, Soltanov Oruc Fərhad oğlu – 1999-cu il yanvarın 1-də Kürdəmir rayonunun Sovla kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Soltanov Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Soltan Orucov "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Məmmədov Fərid Eyvaz oğlu 12 oktyabr 2000- ci ildə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan olub. 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinə daxil olub, 2017-ci ildə məktəbi bitirib. 2019-cu ildə hərbi xidmətə çağırılan Fərid Tərtər rayonunda xidmət edib. Daha sonra hərbi qulluqçu kimi xidmətinə davam edib. 27 sentyabr 2020-ci ildə müharibə başlayan gündən düşmənlə üzbəüz təmas xəttində qəhrəmanlıqla döyüşüb. O, Talış, Suqovuşan, Füzuli və Ağdərə döyüşlərində iştirak edib. Suqovuşan döyüşlərində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə “ Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi