Kürdəmir rayonundə Vətən müharibəsi şəhidi, baş gizir Nahid Mikayılovun xatirəsinə ehsan bulağının açılış mərasimi olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, mərasimdə rayon rəsmiləri, məktəblilər, şəhid anaları, N.Mikayılovun ailə üzvləri və döyüş yoldaşları iştirak edib. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ikinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın 44 gün ərzində işğaldan azad edən igid vətən oğullarımızın qəhrəmanlıqlarından söhbət açılıb. Şəhidin həyat yoldaşı Jalə Mikayılova onlara göstərilən qayğıya görə ölkə başcısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Mərasimdə iştirak edən şəhid anaları çıxış edərək bildiriblər ki, belə tədbirlərin keçirilməsi, eləcə də şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olur.
Qeyd edək ki, Mikayılov Nahid Sovqat oğlu 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi doğulduğu kənddə başa vuran Nahid Mikayılov 2000-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq, yenidən ordu sıralarına qayıdıb və elə o gündən də Silahlı Qüvvələrimizdə fəaliyyət göstərməyə başlayıb. Sentyabrın 27-si müharibə başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən biri olub. O, bir neçə rayonumuzun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edib, fədakarlığı ilə seçilib. Lakin ağır döyüşlərdən birində qəhrəmanlıqla şəhid olub. Şəhidimizin nəşi doğulduğu Kürdəmirin Şəhidlər Xiyabanında dəfn edilib.
O, üç övlad atası idi.