“Beynəlxalq ictimaiyyətin dəstəyi Qarabağ regionunun işğal zamanı yerləşdirilmiş çoxsaylı minalardan təmizlənməsi prosesini sürətləndirəcək”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kosovodan olan səyyah İlir Morina deyib.
O, Qarabağa üçüncü dəfə səfər etdiyini və burada aparılan tikinti-bərpa işlərinin sürətinə heyran olduğunu vurğulayıb: “Hər dəfə buraya gələndə böyük dəyişikliklərin şahidi oluram. İnfrastruktur bərpa olunur və bütün bunlar kifayət qədər tez bir zamanda həyata keçirilir”.
İ.Morina xatırladıb ki, əvvəllər minalarla çirklənmiş digər ölkələrə, o cümlədən Bosniya və Herseqovina və Kambocaya səfər edib: “Avropa QHT-ləri və ya BMT kimi beynəlxalq təşkilatların minalardan təmizləmə məsələsində Azərbaycana dəstək verməməsi məni təəccübləndirir. Bu regionun minalardan təmizlənməsi 20-30 il vaxt aparacaq”.